Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 17:44
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla Heydər Əliyev Fonduna və "Regional İnkişaf" İctimai Birliyinə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunduğu dövrdə "Biz birlikdə güclüyük" layihəsi çərçivəsində minlərlə aztəminatlı Tovuz sakininə, o cümlədən rayonda yaşayan 350 şəhid və 150 digər həssas kateqoriyadan olan ailəyə ərzaq yardımı etdiyinə görə minətdarlığını bildirib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, millət vəkili Qənirə Paşayeva qeyd edib ki, verilən sovqatlar müqəddəs Ramazan bayramı ərəfəsində vətəndaşlarımızın bayramına bayram qatdı, könülləri fərəhləndirdi:
"Əlbəttə, bayramlarda yad edilmək, şəhid ailələrini, həssas ocaqları ziyarət etmək xüsusilə gözəldir və bu gözəlliyin Heydər Əliyev Fondunun xətti ilə yaradılması könüllərə xitab edən unudulmaz bir hadisədir. - Fond artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb.
Xalqımız Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın adı gələndə, ona müraciət edəndə, onun hər hansı bir əməli fəaliyyət sahəsi ilə bağlı problemə diqqətinə şahid olduqda, öz inamını, etibarını ifadə edir, "O, ADI KİMİ MEHRİBANDIR!" deyir.
Milli Məclisdə təmsil etdiyim Tovuz seçicilərindən belə ümid, inam dolu sözləri, alxışları dəfələrlə eşitmişəm; bu əziz bayram günlərində bunun bir daha şahidi olmaq çox xoş oldu.
Mehriban xanımın təşəbbüsü, dəstəyi və himayəsi ilə həyata keçirilən çoxsaylı layihələr, xeyriyyə fəaliyyətləri, yaradılan işlək infrastrukturlar və ən ucqardakı ailəyədək gedib çatan yardımlar, yeni dövr tariximizin yaddaqalan, təsirli səhifələrini təşkil edir. Belə xeyirxahlıqlar, işə belə yaradıcı yanaşmalar xalqımızın çoxəsirlik zəngin mədəni-mənəvi keyfiyyətlərinin yeni dövr, yeni şəraitdə çiçəklənməsini, davam və inkişaf etməsini göstərməkdədir".
Q.Paşayeva vurğulayıb ki, Heydər Əliyev Fondu, "Regional İnkişaf" İctimai Birliyi, eləcə də Birliyin sıralarına qoşulmuş könüllülərin məsələlərə həm sevgi, həm də peşəkar yanaşma ilə cəmiyyətimiz, vətəndaşımız üçün bir örnək təşkil edir, xeyirxahlıq institutunu dirçəldir, gələcək nəsillərə enerji, əxlaqi dəyərlər ötürür. - Bu özü bir milli, xəlqi, insani missiyadır:
"Cənab Prezidentin vurğuladığı kimi "Biz birlikdə güclüyük"! Ötən aylar boyu - koronavirus pandemiyası ilə əlaqəsar tətbiq olunan xüsusi karantin rejimi dövründə dövlət-xalq birliyi möhtərəm dövlət başçımızın biləvasitə rəhbərliyi ilə daha da gücləndi, bir daha öz parlaq təsdiqini tapdı.
Bu duyğu, düşüncələrlə, ziyarət edilməli ocaqlara, alınmalı könüllərə, gedilməli ünvanlara, diqqətdən kənarda qalmış hansısa vətəndaşımıza... dəstək olan hər kəsə bir daha təşəkkürlərimi bildirirəm.
Bir daha Heydər Əliyev Fondunun rəhbərliyinə, "Regional İnkişaf" İctimai Birliyinə, koronovirusla bağlı müəyyən məhdudiyyətlərin hələ də davam etdiyi günümüzə təsadüf edən bu ilki Ramazan Bayramı günlərindəki nəcib, xeyirxah işlərinə görə, seçicilərim adından, şəxsən öz adımdan bir daha minnətdarlığımı bildirdim.
Hər bir xeyirxah işin qeyd edilməsinin, cəmiyyətdə yaxşı örnəklərin tirajlanması, qədirbilənliyin, xeyirxahlığın, təşəkkür duyğusunun da inkişafı ilə şərtləndiyinə, həmrəyliyimizin daha da möhkəmlənməsinə xidmət etdiyinə inanıram".