Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 08:08
Windows istifadəçiləri təhlükələrdən qorunmaq üçün çox zaman müxtəlif antiviruslardan istifadə edirlər. Lakin çox zaman həmin antiviruslar hansısa tətbiqlərin quraşdırılma paketlərinin daxilində olan təhlükəli tətbiqlərin öhdəsindən gələ bilmirlər. Yaxın zamanda bu vəziyyət dəyişməlidir. Belə ki, bu cür zərərli tətbiqlər ilə əməliyyat sisteminin özü mübarizə aparacaq. Bu barədə Mspoweruser.com saytı xəbər verib.
Windows-a inteqrasiya edilmiş Microsoft antivirusu artıq uzun müddətdir ki, şübhəli proqram təminatını bloklamağı bacarır. Lakin növbəti Windows 10 yenilənməsi ilə həmin antivirusun imkanları genişlənəcək. Belə ki, əməliyyat sisteminin özü quraşdırılma paketlərinin daxilində olacaq şübhəli proqram təminatlarının quraşdırılması cəhdlərini təyin edə biləcək.
Məsələn "bonus" brauzerlər və əməliyyat sisteminin işinin optimizasiyası üçün nəzərdə tutulmuş əlavələr çox zaman standart tətbiqlərin komplektlərinə daxil olurlar. 2004 kod nömrəsinə sahib Windows 10 yenilənməsi əsas quraşdırılma paketi ilə əlaqəli olan şübhəli pluginləri, əlavələri və kənar proqram təminatlarını bloklayacaq. Sözügedən yenilənmədən sonra təkmilləşdirilmiş təhlükəsizlik sistemini aktivləşdirmək üçün istifadəçilər növbədi addımları atmalı olacaqlar:
- Ayarlar bölməsindən Click Update & Security> Windows Security> App & browser control-a daxil olmaq
- Daha sonra Open Reputation-based Protection Settings bölməsinə daxil olaraq orada "Potentially Unwanted app blocking", "Block Apps" və "Block Downloads" hissələrini seçmək lazımdır.
Sözügedən yeni özəllik Windows 10 May 2020 Update yenilənməsində bütün istifadəçilər üçün akiv olacaq. Qeyd etmək lazımdır ki, hansısa proqram təminatının səhvən bloklanmasının qarşısını almaq üçün sistem avtomatik şəkildə hər bir bloklanma barəsində məlumatı istifadəçiyə təqdim edəcək. İstifadəçi isə öz növbəsində şübhəli proqram təminatının quraşdırılıb-quraşdırılmaması barəsində qərar verə biləcək.