Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saçda kəpək nədən yaranır?

Saçda kəpək nədən yaranır?

Tarix: 30 May 2020 19:45

Bir çox insanlar saçda kəpəklənmə, qabıqların olmasından şikayətçidir. Bu, istər qadınlarda, istər kişilərdə, istərsə də uşaqlarda geniş yayılan problemdir. Bir çox hallarda görülən tədbirlərə baxmayaraq kəpəkdən qurtulmaq mümkün olmur.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, dermatoloq, uzman həkim Mehdi İskəndərlinin sözlərinə görə, başda qabıqlanma, kəpəyin səbəbi bir çox dəri xəstəlikləri ola bilər: "Saçda qabıqlı kəpəyə səbəb olan bir çox dəri xəstəlikləri var. Onların bəziləri lokal xarakterli olur, müalicə ilə birdəfəlik aradan qaldırmaq mümkündür. Amma bəziləri xroniki xarakterli olur və xəstələr ömür boyu bu problemlə yaşamalı olurlar".

Dermatoloq qeyd edib ki, psoriaz xəstəliyi saçlarda kəpəklənmə verən ən önəmli dəri xəstəliklərindən  biridir. Dəridə və saçlarda pullanma yaratdığı üçün buna pullu dəmrov xəstəliyi də deyilir. Belə xəstələrdə sadəcə, saçlı dəridə qabıqlanma yaranmır. Eyni zamanda başda şiddətli qaşıntı və qızartı da özünü göstərə bilər. Başda psoriaz bəzi xəstələrdə ənsə nahiyyəsindən başlayır. Lakin bəzilərində saçın ön hissəsində qabıqlı qızartılar meydana gəlir. Digər xəstələrdə saş tökülməsi problemi də əlavə oluna bilər.

M. İskəndərli deyib ki, başında qabıqlı qızartılar olanlarda paralel şəkildə qulaq arxasında kəpək və qulaq keçəcəyində qabıqlanma meydana gələ bilər. Dəri həkimi vurğulayıb ki, başda qabıqlanma səbəbi yalnız pullu dəmrov xəstəliyi ilə əlaqəli yaranmır. Saçlarda qabıqlanma verən başqa dəri xəstəlikləri də var. Dermatit xəstəliyi skalpda qaşıntılı qabıqlanma problemi yarada bilər. Bu xəstələrdə də qulaq arxasında qabıqlnma meydana gəlir. Saçlarda kəpəklənmə zaman içərisində üzün və bədənin digər nahiyələrinə də yayıla bilər.

Onun sözlərinə görə, qaşlarda qabıqlanma və burun ətrafı qızartılar dermatit problemi olanlarda ən sıx görülən dəri problemləridir. Dermatit xəstəliyinin də müxtəlif səbəbləri və klinik formaları mövcuddur. Bu baxımdan saçlarda qabıqlı qızartıları olan bütün xəstələri psoriaz kimi qəbul etmək olmaz.

Həkim vurğulayıb ki, başda qabıqlanmanın səbəbi nə olursa olsun hər bir halda xəstəliyin müalicəsi mümkündür. Lakin, başda kəpəklənmə verən çoxlu sayda bir-birinə bənzəyən dəri xəstəlikləri olduğu üçün diaqnozun dəqiqləşdirilməsi üçün dermatoloq xəstədən əlavə laborator, histopatoloji, radioloji, mikrobioloji, allergik və s. testlər tələb edə bilər. Lakin dəri biopsiyası ən sıx istənilən dəri testi kimi başda qaşıntı və qızartı səbəbini təyin etməkdə ən münasib testlərdən biridir.  Dəri biopsiyası və histopatoloji analiz vasitəsi ilə 100%-lik dəqiqliklə saçlı dəridə qabıqlanma probleminin səbəbini təyin etmək mümkündür.


Etiketlər:  Saçda kəpək nədən yaranır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ