Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 22:20
Bakı. Trend:
ABŞ-da Minnesota ştatının Minneapolis şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduqdan sonra vəfat edən afroamerikalı Corc Floydun işində polis Derek Şovinə qarşı qaldırılan ittihamlar cinayətə yenidən təsnif edilməlidir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Floyd ailəsinin vəkili Benjamin Kramp bu sözləri bazar günü CBS telekanalında yayımlanan reportajda deyib.
Derek Şovin adam öldürmə ittihamı ilə nəzarətə alınıb. Jurnalist vəkildən polisin qəsdən adam öldürməkdə ittiham olunacağı və bunun sübutları barədə soruşarkən hüquqşunas deyib: "Əlbətdə, bizə təqdim olunan hər şeyə əsaslanaraq bunu demək olar". O əlavə edib ki, C.Floydun saxlanması barədə yayılan görüntülər və qeydə alınan polis danışıqları bunu təsdiqləyir.
Videoda polislər gəncin əllərini qandallayaraq yerə yıxır və onlardan biri, Derek Şovin dizi ilə C.Floydun boynunu sıxır. Afroamerikalı nəfəs ala bilmədiyini qışqırmağa çalışır, lakin lentdə göründüyü kimi polis ona məhəl qoymur. Bir qədər sonra C.Floyd şəhər xəstəxanaların birində dünyasını dəyişir.
"Bunun niyə qəsdən törədilən bir qətl kimi qiymətləndirilmədiyini başa düşmürük. Niyə hamının (Afrika Amerikalısının tutulmasında iştirak edən polislərin) həbs edilməməsinidə başa düşmürük", - deyə vəkil əlavə edib ki, Şovin və Floydun eyni gecə klubunda birlikdə işlədikləri və bir-birini tanıdıqları təsdiqlənib.
Xatırladaq ki, Corc Floydun ölümü ilə əlaqədar bu həftənin əvvəlində Minneapolis şəhərində (Minnesota ştatı) başlayan etiraz aksiyaları iğtişaşlara çevrilib və ABŞ-ın onlarla böyük şəhərinə yayılıb.