Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 16:00
Bakı. Trend:
Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 1 İyun Uşaqların Beynəlxalq Müdafiə günündə Xocalıda qətlə yetirilən uşaqların xatirəsini yad edib.
Trend-in məlumatına görə, Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova mətbuata açıqlamasında deyib ki, bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiə günüdür və Azərbaycan Sosial Rifah Partiyası olaraq, ilk növbədə o uşaqlarımızın ruhunu yad etmək istəyir, o günahsız mələklərə Allahdan rəhmət diləyirik.
Onun sözlərinə görə, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınsa da, Qarabağ müharibəsi başda olmaqla başqa başqa ölkələrdə müharibə ocaqlarında saysız hesabsız uşaqlar həyatını itirib:
“Dünya birliyi isə Xocalıda qətlə yetirilən uşaqlara susduğu kimi, hələ də susmağa davam edir. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, 1998-ci il 19 may tarixindən etibarən "Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub”.
Ə.Kazımova vurğulayıb ki, Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir:
“Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Çünki xəstə uşaqlarla bağlı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sadəcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir.
Respublikanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə “Yeniləşən Azərbaycana – yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi” kimi olduqca əhəmiyyətli layihələr həyata keçirilib.
Bu gün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə diabetli uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan layihələrin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları birmənalı olaraq şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsidir.
Mehriban xanımın təşkilatçılığı ilə “Hər bir uşağın ailəyə ehtiyacı var” – kampaniyası çərçivəsində kimsəsiz uşaqların ailələrə verilməsi kimi önəmli layihənin həlli istiqamətində milli-mənəvi dəyərlərimizi əks etdirən sil-silə tədbirlər həyata keçirilib.
Bütün bunlarla yanaşı ölkədə təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı həyata keçirilən önəmli layihələrdə Mehriban xanım Əliyevanın müstəsna rolunu etiraf etməliyik.
Bu, ilk növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır. Hesab edirəm ki, Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur”.