Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 13:42
Tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər bizdə ciddi narahatlıq yaradıb.
Sonxeber.net xəbər verir ki, bunu APA-ya açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.
O bildirib ki, məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyəti dövlət qurumları məşğuldur: "Buna baxmayaraq biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq".
Məsələ ilə bağlı Azərbaycan Milli Konservatoriyası nəzdində vaxtilə A.Zeynallının adını daşıyan Musiqi Kollecinin direktoru Nazim Kazımov isə bildirib ki, Asəf Zeynallının məzarı hər zaman diqqət mərkəzindədir: "Hər il aprelin 5-də doğum və oktyabrın 27-də anım günündə görkəmli bəstəkarımızın məzarı ziyarət olunur. Ötən il A. Zeynallının 110 illiyi də kollecdə geniş şəkildə keçirildi, yenə eyni qayda ilə məzarı ziyarət olundu. Sadəcə, bu il koronavirus pandemiyası ilə əlaqədar aprelin 5-i məzarı ziyarət edə bilmədik, onun üçün də ot basıb. Amma deyim ki, hazırda bəstəkarın qardaşı nəvəsi məzarlıqdadır, məzarın təmizlənməsi ilə məşğuldur".