Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 13:00
Koronavirus pandemiyasının mənfi təsir göstərdiyi sahələrdən biri də avtomobil bazarıdır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, xüsusən inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda avtomobil idxalı ilə daha çox fərdi sahibkarların məşğul olduğunu nəzərə alsaq, pandemiya dövründə sərhədlər bağlandığı üçün idxalın azalması gözlənilən idi:
"Sərhədlər bağlandığı üçün fərdi sahibkarların avtomobil alıb ölkəyə gətirmək imkanları məhdudlaşdı. Nəzərə alsaq ki, sahibkarlar idxalı daha çox Avropa ölkələrindən həyata keçirirdilər, bu ölkələrin də sərhədləri bağlandığı üçün idxal baş tutmadı. Ancaq güman olunur ki, sərhədlərin yenidən açılması fonunda biz avtomobil bazarında aktivliyin bərpa olunmasını müşahidə edə bilərik".
V.Bayramov avtomobil bazarında qiymətlərdə ciddi dəyişiklik olmadığını diqqətə çatdırıb:
"Baxmayaraq ki, avtomobil bazarında təklif də, ölkəyə gətirilən avtomobil sayı da xeyli azalıb, buna rəğmən qiymətlərdə ciddi dəyişiklik olmayıb. Çünki təklifin azalması fonunda tələbdə də azalma var. Xüsusən də pandemiya dövründə nisbətən bahalı istiqamətlərə investisiya edən vətəndaşların sayı azalır. Bu da təbii ki, avtomobil bazarında tələbə birbaşa təsir göstərən faktorlardan biridir.
Amma güman olunur ki, pandemiyadan sonra həm təklif, həm də tələb artacaq, avtromobil bazarında müşahidə edilən durğunluq aradan qalxacaq. Ancaq hələlik bazarda ciddi qiymət dəyişikliyi proqnozlaşdırılmır".