Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 17:04
"Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır, COVID-19 infeksiyası hələ də dünya dövlətlərini təhdid içərisində saxlamaqda davam edir. Azərbaycan da dünyanın bir parçasıdır".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı Azərbaycan dövləti ilk gündən vətəndaşının yanında oldu. Ölkə Prezidenti tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində qabaqlayıcı, sistemli tədbirlər Azərbaycanda vəziyyəti nəzarət altında saxlamağı bacardı:
"Təəssüflər olsun ki, bəzi məhdudiyyətlərin aradan qaldırılması, vətəndaşların Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, sosial izolyasiya tədbirlərinə əməl etməməsi sayəsində koronavirus infeksiyasına yoluxma hallarının sayında artım müşahidə edildi. Virus təhlükəsindən yan keçdiyimizi düşünən vətəndaşlar qaydalara əməl etməməklə vəziyyəti bir qədər gərginləşdirdilər. Bu da vətəndaşların sağlamlığını qorumaq məqsədi ilə həftə sonları karantin rejiminin sərtləşdirilməsini zəruri etdi. Vətəndaşlar ilk növbədə sosial məsuliyyət hislərini artırmaları, özləri ilə yanaşı, ətrafdakıların da sağlamlığını fikirləşməlidirlər. Prezident İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.
Artıq biz vətəndaşların maska taxmamasının, məsafə saxlamamasının ölkədə koronavirusla bağlı ab-havanın dəyişməsinin səbəb olduğunun şahidi olduq.
Gəlin, özümüzün və ətrafımızdakı insanların sağlamlığı, əvvəlki günlərə yenidən qayıtmaq üçün karantin rejimi ilə bağlı Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edək!".