Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 15:30
"İstər son bir neçə ay ərzində pandemiyaya qarşı mübarizə mərhələsində, istərsə də həftə sonu yola verdiyimiz iki günün ərzində sərtləşdirilmiş karantin qaydalarının ictimaiyyət tərəfindən yerinə yetirilməsinə nəzarət üzrə polisin fəaliyyəti peşəkar təsiri bağışlayırdı, cəmiyyətin mənafeləri üzərində qurulduğu aşkar görünürdü".
Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert polisin fəaliyyətinə qara yaxmaq, onu ictimaiyyətin gözündən salmaq cəhdlərinə rast gəlindiyini bildirsə də, bunların heç bir perspektivinin olmadığını qeyd edib:
"Polisin hər iki istiqamətdə qarşıya qoyduğu vəzifələrin cəmiyyətin, ictimaiyyətin mənafelərilə uzlaşdığı göz qabağındadır. Polisin xüsusilə də son iki gün ərzində həyata keçirdiyi tədbirlər əbədi və əzəli funksiyası olan ictimai qaydanın təmin olunması, cinayətkarlığa qarşı mübarizə, cinayətkarların təqib olunması və araşdırılması kimi sahələrlə bərabər, eyni zamanda koronavirusa qarşı mübarizə tədbirlərinin yerinə yetirilməsinə, ictimaiyyətin fəaliyyətinə nəzarət nöqteyi nəzərindən də ideal təsir bağışlayırdı. Biz bu iki gün ərzində polisin cəmiyyətə öz finksiyaları və fəaliyyətləri baxımından nə qədər yaxın olduğunu bir daha gördük. Baxmayaraq ki, müəyyən qüvvələr bəzi sosial şəbəkə aktivistləri polisin hətta aşkar şəkildə qanunlara və insanların mənafelərinə, mənəvi dəyərlərə uyğun addımları ilə bağlı başqa cür rəy yaratmağa çalışsalar da reallığı dəyişmək mümkünsüzdür. Reallıq isə ondan ibarətdir ki, polis bu çətin günlərdə cəmiyyətin qayğıları ilə yaşadı, cəmiyyətin qarşılaşdığı problemlərə öz imkanları və funksiyaları çərçivəsində dəstək verdi və bunu cəmiyyətin gözü qarşısında baş verən saysız-hesabsız faktla sübut etdi. İstər evlərdə tək qalan kimsəsiz insanlara yardım göstərmək, hətta insanlara çörək, ərzaq aıb çatdırmaq, istərsə də küçələrdə qalmış kimsəsizlərə əl tutmaq, insanları əzizlərinin yas yerlərinə çatdırılması üçün öz imkanlarını əsirgəməmək və s., bu kimi faktlar həqiqətən polisin cəmiyyətə mənəvi olaraq nə qədər yaxın olduğunu sübut elədi. Ümumiyyətlə, polisin fəaliyyətinə qara yaxmaq, onu ictimaiyyətin gözündən salmaq cəhdlərinə rast gəlinsə də, amma bunların heç bir perspektivi yoxdur".
Təhməz Təkin