Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 14:27
Bakı. Trend:
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Əzizov Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 11,930 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Elməddin Əzizovun Xətai rayonunda kirayədə qaldığı evə baxış zamanı əlavə 24 kiloqram 885 qram heroin, 1 kiloqram 870 qram tiryək, 3 kiloqram 275 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub.
Araşdırma zamanı müəyyən olunub ki, Elməddin Əzizov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Masallı rayonu ərazisində qəbul edib və Çaxırlı kəndində yarımtikilidə gizlədib. Daha sonra Elməddin Əzizov narkotik vasitələri paytaxta gətirərək kirayə yaşadığı evdə saxlayıb. O, narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər şəxs saxlanılıb. Abşeron rayonunda həyata keçirilən tədbir zamanı paytaxt sakini Zeynal Zeynalov və Göyçay rayon sakini Vüqar Cəbrayılov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman Zeynal Zeynalovdan 3 kiloqram, Vüqar Cəbrayılovdan isə 309,150 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Bu şəxslər də ifadələrində narkotik vasitələri hələlik adı istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldıqlarını bildiriblər.
Beləliklə sonuncu əməliyyatlar nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 33 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.