Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa yoluxan gənc şair: COVİD-19-a yoluxduqdan sonra Azərbaycan tibbinə və həkiminə olan münasibətim dəyişdi

Koronavirusa yoluxan gənc şair: COVİD-19-a yoluxduqdan sonra Azərbaycan tibbinə və həkiminə olan münasibətim dəyişdi

Tarix: 13 Iyun 2020 19:18

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda dövlətin koronaviruslu xəstələrin müalicəsinə göstərdiyi qayğını çox yüksək qiymətləndirərəm.

Bunu Trend-ə koronavirusa yoluxan gənc şair Şəhriyar del Gerani (Hacızadə) deyib.

O bildirib ki, mayın 31-dək paytaxtdan kənarda olduğu üçün virusa Bakıda yoluxduğunu güman edir: “Mayın 31-də Bakıya gəlmişəm. Buraya gələndən 4-5 gün sonra hərarətim çox yüksəldi. Ötən həftənin bazar günündə - iyunun 7-də məndən müayinə üçün yaxma nümunəsi götürüldü. İyunun 8-də xəstəxanaya yerləşdirildim. İyunun 9-da isə testimin nəticəsinin pozitiv olduğu, yəni virusun aşkarlandığı məlum oldu”.

Ş.Gerani bildirib ki, hazırda müalicəsi Bakıdakı “Yeni klinika”da aparılır.

O, müalicəsinin gedişatının çox yaxşı olduğunu, vəziyyıtinin stabilləşdiyini söyləyib: “Həkim müalicəsinə başlayanda hərarətim 39-40 idi. Müalicə nətivəsində hərarətim olkin olaraq, 38,5 dərəcəyə endi. Dünəndən artıq hərarətim 36,8-dir, özümü artıq normal hiss edirəm”.

Həkimlərin diqqətindən də razılıq edən Ş.Gerani qeyd edib ki, klinikanın öz həkimləri ilə yanaşı, koronavirusla mübarizəyə yardım məqsədilə Türkiyədən ölkəmizə gələn həkimlər də onun səhhəti ilə maraqlanırlar:

“Mən “Yeni klinika”dakı həkimlərdən də çox razıyam. Xəstələrin müalicəsini çox yüksək səviyyədə aparırlar. Açığı deyim ki, COVİD-19-a yoluxduqdan sonra Azərbaycan tibbinə və həkiminə olan münasibətim dəyişdi. Mən indi Azərbaycan həkimi haqqında çox yüksək fikirdəyəm və ona inanıram. Onlar ən çətin günlərdə belə bizim sağalmağımız üçün öz səylərini əsirgəmədilər”.

Gənc şair Azərbaycan əhalisinə müraciət edərək onları COVİD-19-un yayılmamasından ötəri məsuliyyətli olmağa da çağırıb:

“Bütün Azərbaycan əhalisinə müraciət edib demək istəyirəm ki, dahi olub vaksin tapmaq bizim əlimizdə olmaya bilər. Amma COVİD-19-un vaksinini tapılana qədər xəstəliyi bir-birimizə yoluxdurmayacaq qədər məsuliyyətli, mədəni ola bilərik. Biz hər zaman Azərbaycan xalqının möhtəşəmliyi, birliyi ilə fəxr etmişik. İndi də bütün vətəndaşlarımızı bir-birini başa düşməyə, məsuliyyətli olmağa çağırıram”.


Etiketlər:  Koronavirusa yoluxan gənc şair COVİD 19 a yoluxduqdan sonra Azərbaycan tibbinə həkiminə olan münasibətim dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ