Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 19:06
Yaxşı ata" anlayışı dövrdən-dövrə dəyişən bir məfhumdur. Müasir dövrdə diqqətcillik , fədakarlıq və qayğıkeşlik nümunəvi ataya xas olan keyfiyyətlərdir. Ailədə ata obrazı uşaqların kişi rolunu mənimsəməsində daha təsirli rol oynayır. Övlad üçün ata ağıl, iradə, əzəmət nümunəsidir. Tədqiqatlar göstərir ki, uşağın düzgün davranışı, əqli inkişafı və hətta özünü xoşbəxt hiss etməyi üçün ata həlledici rol oynayır.
Sonxeber.net gencaile.az-a istinadən bildirir ki, uşağın düzgün tərbiyəsi üçün ilk növbədə ailədə psixoloji iqlimin sağlam olması vacibdir. Uşaqların nitqi, ünsiyyət bacarığı, söz ehtiyatı valideynlərin davranışı ilə sıx bağlıdır. Əgər ata övladı ilə kobud danışarsa, zorakılıq tətbiq edərsə, uşaq başqaları ilə münasibətdə bu davranışları tətbiq edir.
Kobudluq və zorakılığa məruz qalan uşaq bu cür münasibətə müxtəlif tərzdə reaksiya verə bilər. Bundan başqa, zorakılıq uşaqlarda aşağıdakı neqativ halların yaranmasına da təsir göstərir:
- dalaşqanlıq və əsəbi davranışlar;
- özünəqapanma;
- yuxu rejiminin pozulması, qorxulu yuxular;
- diqqət çatışmazlığı və psixoloji narahatlıqlar.
Daim gərgin psixo-emosional hallar keçirmək uşaqlarda müxtəlif xroniki, psixoloji və somatik xəstəliklərə səbəb ola bilər. Zorakılığın ən ağır fəsadları yetkinlik dövrünə təsadüf edir. Bu dövrdə aqressivlik, tez hirslənmə, impulsiv reaksiyalar valideynlərlə münaqişəyə səbəb olur.
Qeyd olumalıdır ki, zorakılıq dedikdə sadəcə fiziki təzyiq nəzərdə tutulmur. Uşağı yerli-yersiz danlamaq, təhqir və təhdid etmək, məqsədli şəkildə məyus etmək də psixo-emosional zorakılıq hesab olunur. Valideylər arasında kobud və qeyri-etik münasibətlər də uşağı gərgin emosional vəziyyətlərə məruz qoyduğundan uşağa qarşı zorakılıq hesab edilə bilər.
Nəzərə almaq lazımdır ki, cizgi filmlərində olan aqressiv epizodlar da zorakı münasibətlər kimi əsəb sistemi həssas olan uşaqlara təsirsiz ötüşmür. Bu səbəbdən cizgi filmi seçimində xüsusilə diqqətli olmaq lazımdır.