Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 23:14
Salyanın Yusif Qasımov küçəsində uzun illərdir beton dirəklər arasında asılı qalan açarı görməyən az adam olar. Ölkəmizin cənub qapısının girişini simvolizə edən bu açarın maraqlı tarixçəsi var.
Sonxeber.net xəbər verir ki, vaxtilə Salyan şəhərinin memarı olan Heydər Əsədzadə AZƏRTAC-a bildirib ki, rayonda vağzal binasının tikintisinə 1964-cü ildə başlanılıb. 1969-cu ildə inşası yekunlaşan bina o dövrün nəhəng tikililərindən sayılırdı. 1980-ci illərin əvvəllərində isə həmin vağzal binasının yaxınlığında saat qülləsi ucaldıldı. Qüllədə saatdan başqa, havanın temperaturunu göstərən lövhələr də quraşdırıldı. Daha sonra bu unikal abidə - açar qüllənin tam ortasından asıldı. Bu açar nə az-nə çox, düz 36 ildir Salyanın tarixinə şahidlik edir. Açar bir növ cənub qapısı olan Salyanın rəmzi kimi qələmə verilir.
"Salyan rayonu respublikada bilavasitə cənubun açarı rolunu oynayır. Yəni, cənub istiqamətinə bütün yollar Salyandan keçir. Buna görə Salyanın infrastrukturunun yaxşı olması vacib idi. Bu, o dövr üçün qeyri-adi abidə idi və əhali tərəfindən də müsbət qarşılandı", - deyə o bildirib.
Bürüncdən işlənmiş, çəkisi 100 kiloqrama yaxın olan bu açar Bakıda sifarişlə hazırlanıb. Açarın başlığında qadın və ceyran təsvirləri yer alıb ki, bu da əbəs deyil. Tarixçi-tədqiqatçı Sahib Həsənov bu barədə danışarkən deyib: "Avtovağzal ərazisindəki binanın yanında ucaldılmış əzəmətli sütun və onun arasında olan açar Salyan şəhərinin simvollarından biri sayılır. Bu açarın üzərində qadın və ceyran şəkilləri var. Qadın əməkçi insanın simvoludur. Ceyran isə Salyanın simvollarından biridir".
Təəssüf ki, ucaldılan qüllədə bu gün saat və temperatur göstəriciləri işlək vəziyyətdə deyil. Bundan başqa, açar üzərində "Salyan" sözü kiril hərflərlə qalmaqdadır. Tarixçilər isə saatın işlək vəziyyətdə olmasını və kiril əlifbasını latın əlifbası ilə əvəz etməyi vacib sayırlar. Təbii ki, monumental abidənin orijinal formasını qorumaqla.