Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 18:27
Azərbaycan və Ukrayna Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sonxeber.net-a bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən Xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə Xarici işlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib.
Nazir müavini Xələf Xələfov Ukrayna nümayəndə heyətini salamlayaraq pandemiya şəraitinə baxmayaraq Xarici İşlər Nazirlikləri arasında siyasi dialoqun davam etdiyini diqqətə çatdırdı. Azərbaycan və Ukraynanın strateji tərəfdaş olduğunu bildirən X.Xələfov ölkəmizin Ukrayna ilə bütün sahələrdə, o cümlədən iqtisadi və ticarət, humanitar, regional əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu söylədi.
Ölkə başçıları arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğu məmnunluqla qeyd edildi.
V.Bodnar Azərbaycanın COVID-19-un yayılmasına qarşı mübarizə çərçivəsində Ukraynaya göstərdiyi humanitar yardıma görə ölkəsi adından təşəkkürünü bildirdi. Tərəflər Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində aparılan siyasi dialoqun əlaqələrin dinamik inkişafına güclü təkan verdiyini vurğuladılar. Bu xüsusda Ukrayna Prezidenti cənab Vlodimir Zelenskinin Azərbaycan Respublikasına həyata keçirdiyi uğurlu rəsmi səfərinə işarə edən V.Bodnar, Azərbaycan Respubliaksının Prezidenti cənab İlham Əliyevi Ukraynada səbirsizliklə gözlədiklərini vurğuladı.
Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı durumu barədə Ukrayna tərəfini məlumatlandırdı. O, Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş qeyri-qanuni "seçkilər"i qətiyyyətlə pislədiyinə görə Ukrayna tərəfinə minnətdarlığını bildirdi. Eyni zamanda Azərbaycanın da daim Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğuladı.
Görüş zamanı, həmçinin Ukrayna ərazisində mövcud olan münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında fikir mübadiləsi aparıldı.
Tərəflər hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, suverenliyi və dövlət sərhədlərinin toxunulmazlığı ilə bağlı qarşılıqlı dəstəkdən məmnunluq ifadə edərək, qeyd edilən dəstəyin bundan sonra da ikitərəfli, regional və beynəlxalq səviyyədə davam etdiriləcəyini vurğuladılar.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı dəstək məsələləri müzakirə olundu.
İqtisadi, enerji, humanitar, hərbi-texniki, nəqliyyat, tranzit daşımaları, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət və diaspora sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıldı.
İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən X.Xələfov cari ilin birinci rübünə olan ticarət dövriyyəsinin səviyyəsindən məmnunluq bildirdi. Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın cari ilin yanvar ayında Kiyev şəhərində keçirilmiş iclasının ikitəfəli iqtisadi əlaqələrə verdiyi töhfəsinə toxunuldu. Müvafiq sahələr üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan-Ukrayna Birgə Hökumətlərarası Komissiyasının işçi qruplarının iclaslarının videokonfrans formatında keçirilməsi təklif olundu.
Görüş əsnasında X.Xələfov alternativ və çoxşaxəli yükdaşımaların həyata keçirilməsi baxımından Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutları haqqında məlumat verərək Ukraynanın da sözügedən layihələrdən yararlana biləcəyini qeyd etdi.
Tərəflər Azərbaycan və Ukraynada fəaliyyət göstərən ticarət evlərinə toxunaraq, bu platforma vasitəsilə yerli istehsal məhsullarının qarşılıqlı olaraq tanıdılmasının faydalı olduğunu vurğuladılar.
Videokonfrans formatında keçirilən məsləhətləşmələrdə Azərbaycan Respublikasının Ukraynadakı səfiri Elmira Axundova və Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Kanevski iştirak etmişlər.