Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2019 16:16
Milli komandamızın “Avro-2020”nin seçmə mərhələsində Macarıstan, daha sonra isə Slovakiyaya ardıcıl məğlubiyyətlərindən sonra təkcə azarkeşlərin deyil, medianın sərgilədiyi mövqe də diqqət çəkir. Futboldan yazmaq üzrə ixtisaslaşan peşəkar idman mətbuatının yanaşmasına toxunmazdan əvvəl bəzi ictimai-siyasi saytlardakı yazılara toxunmağı vacib sayırıq. Çünki məhz bu yazıların sosial şəbəkələrdə əlavə pul ödənilməklə reklam olunaraq tirajlanması sayəsində milli komandanın son iki nəticəsinə görə diqqətin əsas ünvandan yayındırılmasına cəhdlər edilir.
Xüsusilə bu yazılarda məğlubiyyətə görə bütöv komanda deyil, yalnız “Qarabağ” komandasının millidəki üzvləri - əsasən də Qara Qarayev, Bədavi Hüseynov və Rahil Məmmədov tənqid edilir, onların milliyə layiq olmadığı bildirilir. Amma əsas eyham heç şübhəsiz ona vurulur ki, bu futbolçular bilərəkdən oynamayıb. Yəni “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur və dolayısı ilə elə fikirlər formalaşdırmağa uğursuz cəhdlər edilir ki, sanki futbolçulara uduzmaqla bağlı klubdan sifariş verilib. Əlbəttə, yalnız Azərbaycan futbolundan bixəbər insanlar belə naşı yanaşma ortaya qoya bilərdilər. Çünki bu iddianı ortaya atmazdan əvvəl düşünmək lazımi idi ki, həmin futbolçular Nikola Yurçeviçdən əvvəl - Qurban Qurbanovun dönəmində də millidə oynayıblar və komandamızın Millətlər Liqasındakı uğursuz çıxışında onların payı az olmayıb. İndi sual olunur. Əgər həqiqətən də “Qarabağ”ın futbolçuları Macarıstan və Slovakiya ilə görüşlərdən bilərəkdən oynamayıblarsa, o zaman Millətlər Liqasında futbolçuların çətin matçlarda xarakter göstərməməsi, imkanlarından xeyli aşağı səviyyədə çıxış etməsinin “sifarişçisi” kim idi: yənədəmi Qurban Qurbanov və “Qarabağ” klubu?
Bəli, heç bir məntiq yoxdur. Amma “Avro-2020”nin son iki matçından sonra ictimai-siyasi mediada belə iddialar ortaya atılır, Ağdam klubunun futbolçuları hədəf göstərilir, amma qəribə və təəccüblüdür ki, nəyə görəsə, hələ federasiya rəhbərliyi bir kənara, hətta baş məşqçi Nikola Yurçeviçlə bağlı da bir dənə də olsun tənqid səsləndirilmir. Niyə? Axı, bütün Azərbaycan, hətta sıravi azarkeş belə bilir ki, son matçların yanlış heyətini, uğursuz taktikasını artıq millidən kənarda olan Qurban Qurbanov, onun klubu “Qarabağ” deyil, məhz elə bu xorvat məşqçi müəyyənləşdirib. Deməli, uğursuzluqda günahkar da birbaşa odur. Amma AFFA-ya yaxınlığı ilə bilinən ictimai-siyasi və idman mediasında ya bu fakta ümumiyyətlə toxunulmur, ya da üzərindən səthi keçilir. Görünür, səbəb odur ki, Yurçeviçi milliyə AFFA-nın hazırkı rəhbərliyi gətirib. Elə əsas məsələlərdən də biri budu ki, komanda niyə təcrübəsiz birinə həvalə olunur? Azarkeşlər millinin elə ən son oyununda kütləvi halda federasiyanı istefaya səslədiyi halda, niyə bəzi media qurumları bu faktı görməzdən gəlir? Futboldakı problemlərin əsl səbəbləri və günahkarları göstərilmir? Əvəzində hədəfə yalnız Qara Qarayev, Bədavi Hüseynov və digər futbolçular gətirilir.
Əslində bilinən faktdır ki, bizim millinin son uğursuzluqlarının səbəbkarları təkcə baş məşqçi, meydanda olan futbolçular deyil, həm də illərdi komandanın işinə müdaxilə edən, ümumiyyətlə, futbolun inkişafına əngəl olan futbol məmurlarıdır. Onların kimlər olduğunu da hamı yaxşı bilir. Amma bəzi idman jurnalistləri, təəssüf ki, hətta bu cür biabırçı məğlubiyyətlərdən sonra belə bir-iki cümlə ilə də olsa həqiqi ünvanı göstərmirlər, göstərmək istəmirlər. Hədəf kimi bir tək arxası-dayağı olmayan Qara Qarayevi, Bədavi Hüseynovu və digər futbolçuları seçirlər. Bununla da diqqət əsas adamlardan, uğursuzluqlarda futbolçular, məşqçilərdən az payı olmayan AFFA rəsmilərindən yayındırılır.
Təəssüf ki, son illər idman mediamızda ciddi deqradasiya gedir, saytların çoxusu ya federasiyadan, ya da klublardan asılı vəziyyətə düşüb. Bütün bunlara görə çox halda bəzi jurnalistlər real problemləri görməzdən gəlir. Millinin son uğursuzluqlarından sonra bəzi media qurumlarının sərgilədiyi mövqe isə artıq heç bir vicdana sığmır və idman jurnalistikasının onsuz da batmaqda olan nüfuzuna ciddi zərbə vurur...