Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 10:24
Bakı. Trend:
Fermerlərə aqrar kreditlərin verilməsi imkanlarının genişləndirilməsi, bu sahədə kreditləşmə prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankı Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni saziş imzalayıb.
Trend-in məlumatına görə, saziş Banka kredit müraciətlərinin təhlili zamanı IFC-in kənd təsərrüfatı risklərinin qiymətləndirilməsi alətini (CLARA) tətbiq etməyə şərait yaradacaq. Bu isə risklərin qiymətləndirilməsinin, kreditləşmə prosesinin avtomatlaşdırılmasına imkan verəcək. Fermerlər Azərbaycan Beynəlxalq Bankının ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək aqrar kreditləri daha sadə prosedurlarla və sürətli şəkildə əldə edə biləcəklər.
Azərbaycan Beynəlxalq Bankının korporativ bankçılıq üzrə Baş direktoru Nərgizxanım Biləndərli IFC ilə bağlanmış sazişin başqa istiqamətlərdə də faydalı olacağını bildirib: “Bu əməkdaşlıq fermerlərin kredit məhsulları ilə bağlı ehtiyaclarının daha aydın təhlilinə imkan verəcək. Fermerlərin ehtiyacına uyğunlaşdırılmış aqrar kredit məhsulları yaradılacaq. Beləliklə, seçim imkanları genişlənəcək. Onlar sırf ehtiyaclarına uyğun kredit məhsulları əldə edə biləcəklər”.
Qeyd edək ki, IFC-in CLARA aləti kənd təsərrüfatı kreditləşməsində risk qiymətləndirmə prosesini inkişaf etdirən yeni vasitədir. IFC bu aləti İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ilə birgə həyata keçirdiyi “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” çərçivəsində hazırlayıb.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.