Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 14:57
Bakı. Trend:
Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini Zahir Zeynalov və Biləsuvar rayon sakini Səbuhi Hüseynov saxlanılıblar. Şəxsi axtarış aparılan zamanı Z.Zeynalovdan 76,38 qram heroin, 21,51 qram marixuana, onun paytaxtın Nizami rayonunda kirayədə qaldığı mənzildən isə 21 kiloqram 7 qram qurudulmuş maixuana, 5,06 qram heroin, 24,55 qram həşiş və 13,70 qram tiryək aşkar olunaraq götürülüb. Səbuhi Hüseynov paytaxt ərazisində qaldığı evdən isə 459 qram tiryək, 754 qram həşiş aşkar olunub. Həmçinin araşdırma zamanı S.Hüseynovun onlayn yolla satdığı və Yeni Günəşli qəsəbəsi ərazisində yol nişanının altında gizlətdiyi 390 qtram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Beləliklə sonuncu əməliyyat nəticəsində Xətai RPİ əməkdaşları tərəfindən ümumilikdə 471 qram heroin, 472,7 qram tiryək, 778,18 qram həşiş və 23 kiloqram 21 qram marixuananın qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Araşdırma zamanı müəyyən olunub ki, hər iki şəxs hələlik adı istintaqa məlum olmayan “Xalaoğlu Rəsul” adlı ilə tanıdıqları İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul edərək yaşadıqları evlərdə gizlədiblər. Daha sonra Zahir Zeynalov və Səbuhi Hüseynov narkotik vasitələri paytaxtın müxtəlif ərazilərində yerləşdirərək “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran vətəndaşı ilə əlaqə saxlayaraq ona məlumat verməli imişlər. O, isə müştərilərin götürməsi üçün həmin yerlərin ünvanı onlara göndərməli imiş.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.