Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 21:06
Dünyada hər 10 nəfərdən biri böyrək daşı, ya da böyrək qumu problemi ilə üzləşir.
Bu xəstəlik maddələr mübadiləsinin müxtəlif endogen və ya ekzogen səbəblərdən pozulması nəticəsində yaranır.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin müdiri, uzman-uroloq Fikrət Əhmədovun sözlərinə görə, bu xəstəlik bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər.
Uzman-uroloq Fikrət Əhmmədovun bildirdiyinə görə, böyrəklər və sidikçıxarıcı yolların problemləri uroloji xəstəliklər silsiləsinə daxildir. Amma böyrək və sidik yollarının daş xəstəliyi günümüzdə daha aktualdı: "Bu xəstəliklə əlaqədar hər yaş qrupundan insanlar şöbəmizə müraciət edir. Bu, həm də genetik xarakter daşıyır. Ata və ya anada böyrək daşları olarsa, uşaqda da buna meyillilik olur. Xəstəliyin digər yaranma səbəbləri isə mədə-bağırsaq xəstəlikləri, mədə-bağırsaqda aparılan əməliyyatlar, piylənmə, fiziki aktivliyin az olmasıdır. Bütün bunlar böyrək daşının əmələ gəlməsində risk faktoru kimi rol oynayır".
Həkimin sözlərinə görə, xəstəliyin yaranma səbəblərindən biri də bəzi vitaminlərin normadan artıq qəbuludur. Xəstəliyin qarşısını nisbətən almaq üçün gündəlik 2 litr, 2 litr yarım su içmək lazımdır. Su böyrək daşı riskinin qarşısını alır. Gündəlik su içən insanlar 60 faiz özlərini böyrək daşı xəstəliyindən qorumuş olurlar: "Əgər yaşa görə bölsək, əsasən orta yaşlarda daha çox rast gəlinir böyrək daşlarına. Ancaq bəzi hallarda 1-2 yaşlı uşaqlarda da maddələr mübadiləsi və hormonal pozuntuların nəticəsində böyrək daşı yaranır".
Xəstəliyin əlamətlərinə gəlincə, əksər hallarda onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar və digər əlamətlərlə müşayiət olunurlar. F.Əhmədovun dediyimə görə, əgər böyrək daşı sidikçıxarmaya mane olursa, o zaman şiddətli ağrılarla özünü biruzə verir: "Elə hallar da olur ki, daş sidikçıxarmaya problem törətmir və xəstə bu haqda xəbərdar olmur. İllərlə bu daşlar böyüyüb, sidik kanalının yolunu tutduqda, ağrılar yarandıqda, xəstə həkimə müraciət edir və daş aşkarlanır".
Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər. F. Əhmədovun sözlərinə görə, təbabətdə böyrək daşını əridən preparatlar yoxdur. Ancaq daşın əmələ gəlməsinin qarşısını alan profilaktik dərmanlar var ki, bunlar da əksər hallarda işə yarayır:
"Biz kiçik ölçülü daşları nəzarət altında saxlayırıq, bəzi profilaktik dərmanlarla böyüməsinin qarşısını ala bilirik. 5 mm-dən 1 sm-ə qədər olan daşları cərrahi müdaxilə və ya hər hansı bir preparatla müalicə etməyə ehtiyac görmürük. Daşın ölçüsü 1 sm-dən böyükdürsə, sidik yollarını tutursa, xəstənin böyrəyinə ciddi zərər verirsə, bu daşları cərrahi əməliyyat vasitəsilə xaric edirik. Təbabətin yeniliklərinə əsasən, 95 faiz hallarda endoskopik müdaxiləyə üstünlük veririk. Hər hansı bir kəsik aparmadan, cərrahi müdaxilə edirik. 3 sm-ə qədər olan böyrək daşlarını kəsik aparmadan, endoskopik olaraq, lazerlə parçalayırıq. Xəstəyə stend qoyulur. Xəstə sidiyə getdikcə, tədricən kiçik qırıntılar şəklində daşları xaric edir, bir gecə xəstəxanada yatır. 3 sm-dən böyük olan böyrək daşlarını isə perkutan nefrolitotomiya əməliyyatı yolu ilə icra edirik. Bu zaman böyrək nahiyəsində 1 sm-lik deşik açılır və daşlar qırılıb, çıxarılır".