Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 22:00
"İndi elə bir dövrdür ki, təbiətin bizə bəxş etdiyi nemətlərlə qidalanıb-qidalanmamaq barədə düşünməli oluruq. Son günlər bazar piştaxtalarına çıxarılan qarpız barədə də müxtəlif fikirlər var. Onun çox gübrə ilə yetişdirildiyi, geninin dəyişdirildiyi barədə fikirlər səslənir. Əlbəttə ki, bu gün yetişdirilən qarpızla əvvəlki qarpız arasında böyük fərq var, bunu danmaq olmaz".
Sonxeber.net xəbər verir ki, bu sözləri həkim-fitoterapevt Füzuli Hüseynov açıqlamasında deyib.
"Təəssüf ki, yerli qarpız sortları indi çox az qalıb, əvvəllər yetişdirilən yerli qarpızların tumları çox və böyük olurdu. Qarpızı kəsəndə içində böyük damarların aydın görünməsi ona gübrələrin qədərindən artıq verilməsindən xəbər verir. Çox böyük qarpız almaqdan da çəkinmək lazımdır, çünki onu bir dəfəyə yemək problem yarada bilər. Yaxşı olar ki, qarpız az-az və tez-tez yeyilsin. Xatırladım ki, xərçəng əleyhinə ən faydalı maddələrdən olan likopen qarpızın tərkibində pomidorda olduğundan iki dəfə çoxdur. Qarpız böyrək, qaraciyər və bağırsaq xovlarının əla təmizləyicisidir. Tərkibi A vitamini ilə zəngin olduğundan çox qarpız yeyənlərin dərisi parlaq olur, gözlər üçün faydalıdır, kalsium və kaliumla zəngin olduğuna görə sümükləri möhkəmlədir. Qarpızın tərkibində olan sitrulin maddəsi piyləri əridir, yüksəlmiş xolesterini aşağı salır, arıqlamaq istəyənlər üçün faydalı qida vasitəsidir. Orqanizmin ən çox ehtiyac duyduğu C vitamininə malik olduğundan immuniteti artırır, əzələ yorğunluğu və qıcolmaları aradan qaldırır. Lakin şəkərli diabet xəstələri qarpızla çox az miqdarda qidalanmalıdırlar", - deyə həkim bildirib.
Həkim-fitoterapevt daha çox iyul-avqust aylarında yetişən qarpıza üstünlük verməyi söyləyib: "Həmin aylarda yetişən məhsulda mineral və vitaminlər daha çox olur. Onun qabığı da çox qiymətli müalicə vasitəsidır. Qarpız qabığının içərisindəki ağ təbəqə kəsilib qurudulandan sonra qəhvəüyüdəndə üyüdülür, ağzı kip bağlanan qaba yığılaraq gündə üç dəfə yeməkdən 1 saat əvvəl bir çay qaşığı 1 stəkan su ilə içilməsi böyrək daşlarını əridir". (publika.az)