Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 20:30
Bəzi saytlarda Bakı şəhəri, Qaradağ rayon sakini, II qrup Qarabağ müharibəsi əlili Rəhman Həsən oğlu Əzizzadənin mənzillə təmin edilməməsindən narazılıq ifadə edən fikirləri əsasında və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsələ ilə bağlı rəsmi mövqeyi öyrənilmədən, birtərəfli qaydada yazı dərc olunub.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov deyib.
O qeyd edib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı yerli icra hakimiyyəti orqanlarının məktubları əsasında növbəlillik qaydasında həyata keçirilir:
"Qaradağ rayon İH-dən Nazirliyə təqdim edilmiş mənzil növbəliliyi siyahısına əsasən, R.Əzizzadə 3 may 2016-cı il tarixdən mənzil növbəsinə dayanıb.
Hazırda qanunvericiliyə uyğun olaraq, Nazirlik 2014-cü il yanvarın 1-dək olan dövrdə mənzil növbəsinə dayanmış şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və ya fərdi evlə təmin edilməsi işlərini aparır. Bu səbəbdən Rəhman Əzizzadənin mənzillə təminatı Nazirliyin səlahiyyəti xaricindədir.
Dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişlənir. Buna misal olaraq, ötən il 934 mənzil verilibsə, cari ildə bu göstəricinin azı 1500 mənzil və fərdi ev olması nəzərdə tutulub".