Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 12:36
Bakı. Elçin Mehdiyev – Trend:
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu dövrdə ölkəmizə gələnlərin 29,7 faizi Rusiya Federasiyası, 26,7 faizi Gürcüstan, 14,5 faizi Türkiyə, 7,0 faizi İran, hər birindən 2,1 faiz olmaqla Hindistan və Ukrayna, 2,0 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, hər birindən 1,2 faiz olmaqla Küveyt və Qazaxıstan, 1,1 faizi Türkmənistan, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla Özbəkistan və İraq, 0,7 faizi Belarus, 0,6 faizi İsrail, 5,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 76,2 faizini kişilər, 23,8 faizini qadınlar təşkil edib.
Cari ilin yanvar-iyun aylarında Çindən gələnlərin sayı 7,6 dəfə, Cənubi Koreyadan - 6,9 dəfə, Macarıstandan - 5,3 dəfə, Yaponiyadan və İsraildən - 5,1 dəfə, Polşadan - 4,7 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 4,6 dəfə, Kanadadan - 4,2 dəfə, ABŞ-dan və Böyük Britaniyadan - 4,0 dəfə, İraqdan - 3,9 dəfə, Fransadan - 3,8 dəfə, Almaniyadan - 3,7 dəfə, Omandan - 3,6 dəfə, Niderlanddan - 3,5 dəfə azalıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,0 dəfə azalaraq 16,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 dəfə azalaraq 79,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,4 dəfə azalaraq 212,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,0 faizi dəmir yolu və avtomobil, 30,4 faizi hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.