Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 15:33
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə təxribatçı erməni hərbçilərinin əməllərinin qarşısını alaraq düşmən ordusuna sarsıdıcı zərbə vuran müzəffər Ordumuzu, qəhrəman əsgərlərimizi dəstəkləyirlər.
AzMİU-dan Trend-ə bildirilib ki, bu fikirləri tələbələr universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə keçirilən videokonfransda səsləndiriblər.
Videokonfransda giriş nitqi ilə çıxış edən THİK-in sədri Bayram Aslanov son günlər ölkəmizin sərhədində mənfur qonşularımızın törətdiyi təxribatlardan, Ordumuzun cəsur zabit və əsgər heyətinin düşmənə layiqli cavab addımlarından və bu çətin günlərdə xalqın birliyindən danışıb. B.Aslanov vurğulayıb ki, prezident İlham Əliyevin komandanlığı altında səfərbər olan Ordumuz Vətənimizin müdafiəsində həmişə ayıq-sayıqdır, əsgərindən tutmuş ən yüksək rütbəli zabitinə qədər hər bir hərbçimiz Vətən, torpaq yolunda canından belə keçməyə hazırdır. Son döyüşlərdə qəhrəmanlıqla həlak olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev kimi yüksək hazırlıqlı zabitlərimizi itirdiyimizi xatırladan THİK sədri onların və digər şəhidlərimizin qanının yerdə qalmayacağına inandığını vurğulayıb. O, çıxışının sonunda gəncləri düşmən dəyirmanına su tökən satqın, vətən xaini olan üzdəniraq insanların oyununa getməməyə, bu həssas dönəmlərdə təmkinli və ağıllı addımlar atmağa səsləyib.
Videokonfransda çıxış edən dekanlar Zahidə Məmmədova, Rahad Qəribov, Tahirə Haqverdi və başqaları sərhəd xəttində düşməni susduran rəşadətli Ordumuzun qələbəsindən qürur duyduqlarını dilə gətiriblər. Bu qələbədən sonra iyulun 14-dən 15-nə keçən gecə xalqın öz dövləti, Ali Baş Komandanı və ordusu ilə həmrəylik nümayiş etdirməsinin ardından baş verən təxribatlara diqqət çəkən dekanlar tələbələrə öz məsləhətlərini veriblər. Onlar qeyd ediblər ki, həmin aksiyada təxribatçı ünsürlərin bu birliyi, asayişi pozmaq cəhdləri, düşmənlərimizi sevindirən xain addımları bu gün hamılıqla pislənilir, həmin şəxslər ən ağır formada mühakimə olunurlar. Çıxışçılar tələbələrə məsuliyyətli davranmağı, sosial şəbəkələrdə paylaşımlarında diqqətli olmağı, yalnız rəsmi məlumatlara istinad olunmasını tövsiyə ediblər.
Videokonfransa qoşulan tələbələr də Ordumuzla fəxr etdiklərini, qəhrəmanlıqla həlak olan əsgər və zabitlərimizin, mülki vətəndaşımızın itkisindən kədərləndirdiklərini bildiriblər. Gənclər bu çətin günlərdə dövlətimizin, prezidentimizin yanında olduqlarını, Ordumuzun qətiyyətli addımlarını dəstəklədiklərini, lazım gələrsə, Ali baş komandanın əmri ilə Vətəni qorumağa hazır olduqlarını qürurla səsləndiriblər.
Onu da qeyd edək ki, videokonfransa 200-dən çox tələbə qoşulub.