Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2025 15:50
Lökbatan-Xocəvənd istiqamətində yük daşıyan sürücü gecə saat 02:00 radələrində Qaradağ, Sabirabad və İmişli postlarındakı tərəziləri problemsiz keçdiyini, lakin Füzuli tərəzisindən keçərkən 600 manatlıq cərimə ilə üzləşdiyini bildirir.
Sonxeber.net xəbər verir ki, sürücü iddia edir ki, qeyd olunan tərəzidə yükünün 20 ton 60 kiloqram göstərilməsi düzgün deyil:
"Maşının boş çəkisi 6 tondur. Onu çıxandan sonra guya 14 tondan artıq yük qalıb. Bu isə mümkün deyil. Maşına 14 ton vurulsaydı, nəinki Xocəvəndə çatmaq, yerindən tərpənməzdi", - deyə o bildirir.
Qeyd edək ki, sürücünün sözlərinə görə, məsələ ilə bağlı şikayət eləyib.
Yollardakı tərəzilərin quraşdırılması AYNA tabeliyində olduğu üçün aidiyyatı quruma sorğu ünvanladıq.
Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, yol yatağının, yol qurğularının və digər infrastruktur elementlərinin qorunması, yolların istismar müddətinin uzadılması və təhlükəsizlik məqsədilə magistral yollarda elektron tərəzilər quraşdırılıb.
Bu prosesə nəzarətin artırılması nəticəsində normadan artıq yüklənən nəqliyyat vasitələri, demək olar ki, yollarda hərəkət etmir, bununla da yol səthi mühafizə olunur. Yazılan cərimələr isə tərəzidən keçən yük nəqliyyat vasitələrinin sayının çox kiçik bir hissəsini təşkil edir. Belə ki, magistral yollarda quraşdırılan tərəzilərdən gün ərzində ortalama 13.000-dən çox yük nəqliyyat vasitəsi keçir. Onlardan 1%-dən də az bir qismi cərimələnir.
Qeyd edək ki, sürücü davranışları da elektron tərəzilərin ölçmə dəqiqliyinə təsir edir. Belə ki, tərəzi üzərində tormozlama, sürətlənmə, qəfil sükan çevirmə və ya manevretmə, yükün düzgün yerləşdirilməməsi, bərkidilməməsi kimi amilləri ölçmə dəqiqliyinə təsir edir və nəticə etibarı ilə cərimələnməyə səbəb ola bilir.
Asya Hüseyn