Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 16:22
Bakı. Trend:
Ermənistan-Azərbaycan dövlət sərhədində törədilmiş son erməni təxribatları ilə əlaqədar Latviya Respublikasının azərbaycanlı icması və ölkədə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının üzvləri tərəfindən kütləvi etiraz aksiyası keçirilib.
Azərbaycanın Latviya Respublikasındakı Səfirliyindən Trend-ə bildirilib ki, aksiya üzrə ilk olaraq həmvətənlilərimizin avtomobil karvanından ibarət etiraz yürüşü təşkil edilib. Üzərində Azərbaycan bayraqları, “erməni təcavüzünə son”, “Qarabağın işğalına son” şüarları nümayiş etdirilən avtomobil karvanı Riqa şəhərinin mərkəzi küçə və prospektləri üzrə hərəkət edib.
Sonra Azərbaycan Səfirliyi qarşısında toplaşan aksiya iştirakçıları səfir Cavanşir Axundovla görüşüblər. Ölkəmizə qarşı həyata keçirilən hərbi təcavüz və erməni təxribatları ilə əlaqədar Azərbaycan xalqı və dövləti ilə həmrəyliyini ifadə edən həmvətənlilərimiz, doğma vətənimizin müdafiəsinə daim hazır olduqlarını söyləyiblər.
Aksiya iştirakçılarını salamlayan səfir Cavanşir Axundov nümayiş etdirilən yüksək vətənpərvərlik və həmrəyliyə görə soydaşlarımıza öz təşəkkürünü ifadə edib, onlarla fəxarət hissi duyduğunu bildirib. Xalqımızın və dövlətimizin Azərbaycan ərazilərinin hərbi işğalı ilə heç zaman barışmayacağını qeyd edən səfir torpaqlarımızın qısa zamanda erməni təcavüzkarlarında azad ediləcəyinə əmin olduğunu deyib.
Çıxışına dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var” sözləri ilə davam edən səfir ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bütün dünya ictimaiyyəti tərəfindən tanındığını diqqətə çatdırıb.
Sonda həmvətənlilərimiz milli ordumuzda qulluq etmək üçün səfir Cavanşir Axundova müraciət ediblər.
Soydaşlarımızın bu fədakar addımlarını yüksək qiymətləndirən səfir hər kəsin müraciətini qəbul etməyə hazır olduğunu bildirib.
Həmçinin, çıxış edən Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü Elnur Rəhimov soydaşlarımız ilə birlikdə daim vətənimizin keşiyində durmağa hazır olduqlarını, erməni işğalı və hərbi təcavüzünü Latviya və dünya ictimaiyyəti qarşısında daim ifşa edəcəklərini söyləyib.