Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 12:21
Bakı. İlhamə İsabalayeva – Trend:
Heç bir dünya ölkəsində koronavirus xəstələrindən götürülən PSR testinin həssaslığı 100 faiz deyil.
Bunu Trend-ə COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.
Onun sözlərinə görə, Azərbaycanda Almaniyanın istehsalı olan testlər istifadə edilir:
"Nə Almaniya, nə ABŞ, nə Çin, nə də Koreyanın testlərinin həssaslığı 100 faizdir. Bundan başqa, test edilməsi üçün burun və boğazdan yaxma götürülür. Ola bilər ki, yaxma götürülən yerdə virusların sayı az olsun, ya da xəstəlik təzə başladığı üçün toxumalarda virusun yüklüyü kifayət qədər deyil. Ona görə də bəzən götürülən testlərin nəticəsi mənfi olur, yəni virus aşkarlanmır".
N.Seyidov əlavə edib ki, simptom müşahidə edilmədən koronavirusun olub-olmadığını öyrənmək üçün test etdirməkdənsə, bu xəstəliyin simptomları başlayanda test etdirmək lazımdır, çünki belə analizlərin nəticəsi daha etibarlıdır:
"Ola bilər ki, xəstə ilə təmas olan şəxs test edir, cavab mənfi çıxır, amma 4 gündən sonra simptomlar müşahidə olunmağa başlayır. Koronavirusun dəqiqliyi daha çox simptomlar başlayanda özünü göstərir. Testin nəticəsinin mənfi olması o demək deyil ki, həmin adamda xəstəlik olmayacaq”.
N.Seyidov bildirib ki, koronavirus xəstəliyi orqanizmdə, adətən, 5-9 gün ərzində inkişaf edir. PSR testinin ən düzgün nəticələri də həmin zaman olur.
Mütəxəssis əlavə edib ki, bəzən ağciyərlərin kompüter tomoqrafiyasında koronavirusa xas olan “buzlu şüşə” əlamətləri aşkarlanır. Amma kompüter tomoqrafiyasında “buzlu şüşə”nin aşkarlanması koronavirusun olması demək deyil:
"Koronavirusa yoluxma zamanı “buzlu şüşə” başqa xarakterə malik olur. Digər pnevmoniyalar zamanı da ağciyərlərdə “buzlu şüşə” yaranır, amma bu zaman yaranan "buzlu şüşə" ilə koronavirusa yoluxma zamanı müşahidə edilən “buzlu şüşə” arasında ciddi fərqlər olur”.