Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 11:33
Bakı. Trend:
İyunun 19-da Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası rəsmiləri ilə “AzerGold” QSC-nin rəhbər heyəti arasında ikitərəfli görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyevin, Ekologiya və Təbii Sərvətlər naziri Mais Əliyevin, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun, həmçinin sədr müavinləri, geoloji kəşfiyyat, dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbələri üzrə rəhbər şəxslərin iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının Ortakənd-Xanağa sahəsində görülən işlər müzakirə olunub, gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində bildirilib ki, 2018-2019-cu illərdə Ortakənd-Xanağa sahəsində ümumilikdə bir milyon kvadratmetr sahədə 6 min metrə yaxın geoloji-kəşfiyyat işləri həyata keçirilib. Kəşfiyyat işləri nəticəsində toplanan sınaqlar hazırda xarici laboratoriyada analiz edilir.
Qeyd edək ki, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir. Sahə daxilində köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb. “AzerGold” QSC 2017-ci ilin 4-cü rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın aparıcı geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb və 2018-ci ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin