Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 13:56
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və BMT İnkişaf Proqramı tərəfindən dəstəklənən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsinin tərkib hissəsi kimi özünüməşğulluq proqramı əsasında əlilliyi olan şəxslərin biznesə çıxışının dəstəklənməsi nəzərdə tutulur.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramına dair təqdimat keçirilib.
Trend-in məlumatına görə təqdimatda ilkin olaraq layihənin keçiriləcəyi 12 rayon və şəhərin (Binəqədi, Sabunçu, Abşeron, Şamaxı, Göyçay, Zaqatala, Şəmkir, Bərdə, Füzuli rayonları və Gəncə, Mingəçevir, Sumqayıt şəhərləri) məsul şəxsləri iştirak edib.
İştirakçılara proqramın məqsədi haqqında məlumat verilib, layihənin icra mərhələləri, seçim meyarları, əlilliyi olan şəxslərin proqrama müraciət qaydası və tələb olunan sənədlər, digər aidiyyatı məsələlərlə bağlı məlumat verilib.
Bildirilib ki, layihənin ilkin mərhələsi 2019-2020-ci illəri əhatə edəcək və 700 namizəd seçilərək təlim kurslarına cəlb ediləcək. Təlimi uğurla başa vuran və iqtisadi cəhətdən dayanıqlı biznes ideya hazırlayan 600 namizədə biznes planın hazırlanmasında, biznesə başlamaq üçün tələb olunan avadanlıqların və xammalın texniki xüsusiyyətlərinin müəyyən olunmasında dəstək göstəriləcək. Ən yaxşı biznes plana malik 500 namizəd isə yeni biznesin qeydiyyatdan keçirilməsində və kiçik biznes qurumlarında dəstəklə təmin ediləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin