Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmmuniteti zəif olan, xroniki xəstəliyi olanlara bunlar məsləhət görülmür

İmmuniteti zəif olan, xroniki xəstəliyi olanlara bunlar məsləhət görülmür

Tarix: 25 Iyul 2020 23:45

"Sahə həkiminin nəzarəti altında evdə müalicə alan pasiyentlərin ilk növbədə ayrıca bir otaqda izolyasiya olunmaları məsləhət görülür. Belə şərait olmadığı halda xəstənin yatağı digərlərdən ən azı 2 metr məsafədə olmalıdır. Xəstə və onunla eyni evdə qalan bütün şəxslər ev daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə özləri və ətrafdakıları virusa yoluxmadan qorumuş olurlar. Tibbi maskanı hər iki saatdan bir dəyişmək tövsiyə edilir".

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova evdə müalicə olunan koronovirus-COVID-19 xəstələrinə qulluqla bağlı bildirib. O, koronavirusa  yoluxmuş yüngül simptomlu və simptomsuz vətəndaşlara ev şəraitində müalicə alarkən ailə üzvləri ilə davranış üçün tövsiyə olunan qaydalar haqda danışaraq bildirib ki, COVİD-19-a yoluxmuş pasiyent yaşayış yerini tərk etmədən, 21 günlük karantinə riayət etməlidir: "Bununla yanaşı, bu müddət ərzində koronavirusa yoluxmuş xəstə qohum və yaxınların vasitəsilə ərzaq və ya lazımi dərmanları market və aptekdən əldə edə bilər. Bu, mümkün olmadığı təqdirdə bütün lazım olan məhsulları onlayn sifariş etmək də mümkündür".

Mütəxəssis həmçinin bildirib ki, immuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür: "İnfeksiyaya yoluxmuş şəxsin yeməyini otağına daxil olmadan vermək daha təhlükəsiz olar.  Öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır. Xəstənin şəxsi gigiyena vasitələri və yemək qabları ayrı saxlanılmalıdır. İnfeksiyaya yoluxmuş vətəndaş hansısa səbəbdən qaldığı otağı tərk etdiyi təqdirdə onun toxunduğu bütün əşyalar mütləq dezinfeksiya olunmalıdır. Covid-19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli maye ilə təmizlənməli, xəstənin paltarları isə ayrıca 60-90 dərəcədə yuyulmalı, otaqlar tez-tez havalandırılmalıdır. Simptomsuz və ya yüngül simptomlu xəstələrə, onlarla eyni evdə yaşayanlara bol vitaminli meyvələr yemək tövsiyə olunur. Sahə həkimi gündə 2 dəfə COVİD-19 testi pozitiv nəticə vermiş vətəndaşlar və onların ailə üzvləri ilə əlaqə yaradıb, onları nəzarət altında saxlayır. Buna görə də pasiyent və yaxınlarına həkimin xəbəri olmadan hər hansı tibbi preparatı qəbul edib, özünümüalicə ilə məşğul olmaq tövsiyə olunmur".  

N. Daşdəmirova koronaviruslu xəstələrə və onların yaxınlarına ev şəraitində aktiv qalmağı, idmanla məşqul olmağı, stressdən uzaq qalaraq, pozitivliyə köklənməyi tövsiyə edib.


Etiketlər:  İmmuniteti zəif olan xroniki xəstəliyi olanlara bunlar məsləhət görülmür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ