Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 03:32
Bakı. Trend:
ABŞ-ın koronavirusa qarşı vaksini 2020-ci ilin sonunadək hazır olacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp Şimali Karolina ştatında çıxışı zamanı deyib.
D.Tramp bildirib: ""İnanılmaz Sürət" əməliyyatı çərçivəsində biz vaksinin hazırlanmasına xərclənən bir neçə ilə qənaət etdik. Çox müsbət məlumatlar eşitdim, ilin sonuna qədər bunu etmək üçün (koronavirusa qarşı vaksini hazırlamaq üçün - red.) çox yaxşı vəziyyətdəyik"
O qeyd edib ki, ABŞ müvafiq sınaqlar keçirmək və sınaqlardan dərhal sonra amerikalılara təqdim etmək üçün çoxlu miqdarda potensial vaksinlər istehsal edir. Onun sözlərinə görə, vaksin yalnız ABŞ-ın deyil, bütün dünya əhalisi üçün əlçatan olacaq.
"İnanılmaz Sürət" əməliyyatının məqsədi 2021-ci ilin yanvar ayına qədər 300 milyona yaxın vaksini istehsal etməkdir.
Prezident infeksiyaya qarşı vaksinin hazırlanması ilə bağlı "tezliklə yaxşı xəbər" gözləyir. Dövlət başçısı amerikalıları ayıq olmağa, sosial məsafə, ciddi gigiyena qaydalarına riayət etməyə və "lazım olduqda maska taxmağa" çağırıb. D.Tramp ölkədə koronavirusdan ölüm hallarının azaldığını vurğulayıb.