Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 10:48
Bakı. Trend:
Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunları çərçivəsində Azərbaycan Günü təşkil edilib.
Trend-in məlumatına görə, Azərbaycan Gününün təqdimatında respublikamızın Xalq artisti Tünzalə Ağayevanın milli, estrada və bəstəkar mahnılarını ifa etməsi alqışlarla qarşılanıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinin də qatıldığı təqdimatda ölkəmizin milli mətbəxi təqdim olunub. “Yallı” ansamblının rəqsi isə tədbirə əlavə rəng qatıb.
Qeyd edək ki, ikinci Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə medallar uğrunda mübarizə aparılacaq. İdmançılar 200 medal dəsti uğrunda yarışacaqlar. İdmanın 8 növü üzrə yarışlar “Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçiriləcək. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunacaq.
Oyunlar zamanı Belarusun paytaxtına 4 mindən çox idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Onlar Avropanın 50 Milli Olimpiya Komitəsindən olan rəsmi nümayəndə heyətini təmsil edəcəklər. Yarışlar 650 beynəlxalq, 410 yerli hakim tərəfindən idarə olunacaq.
Minskə xarici KİV-lərin mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının 100-dən çox prezidenti və baş katibi, qitə dövlətlərinin idman nazirləri, Avropa Olimpiya Komitəsinin mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, qitə ölkələrinin Milli Olimpiya komitələrinin prezidentləri və baş katibləri, həmçinin Avropa dövlətlərinin prezidentləri, Baş nazirləri və yüksək vəzifəli şəxslərinin gəlməsi gözlənilir. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.
İkinci Avropa Oyunlarının yarışları Minskin ən iri idman qurğularında, o cümlədən “Dinamo”, “Minsk Arena”, “Çijovka Arena” stadionlarında keçiriləcək.
Oyunların iştirakçılarının və xarici azarkeşlərin qonaqpərvərliklə qarşılanmaları və mənzil başına rahat çatmaları işinə Belarus paytaxtının turizm, mehmanxana və nəqliyyat infrastrukturu tam şəkildə cəlb olunub. Bununla əlaqədar nəqliyyat xidmətinin kompleks planı hazırlanıb. Planda şəhərin gündəlik tələbatı da nəzərə alınıb.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. “Bakı 2015”də komanda hesabında aktivində 164 medal olan Rusiya millisi birinci yeri tutub. Rusiyalı idmançılar 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. Azərbaycan komandası 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) komanda hesabında ikinci yeri tutub. Birinci Avropa Oyunlarında Belarus yığması 43 medalla (10 qızıl, 11 gümüş və 22 bürünc) yeddinci yerdə qərarlaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin