Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2020 19:00
Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da "beşinci kolon" nümayəndələrinin missiyası təkcə ölkə daxilində pozucu fəaliyyətlə məşğul olmaqla, himayəsində olduqları xarici dairələrin maraqlarına uyğun təbliğat aparmaqla, siyasi qüvvələr arasında ziddiyyətləri dərinləşdirməklə, cəmiyyəti qütblərə bölməklə yekunlaşmır. "Beşinci kolon" həm də bu və ya digər ölkəyə qarşı təzyiq mexanizmlərinin işə salınmasına zəmin yaradan klassik "bəhanə generatoru"dur. Bu baxımdan, hər dəfə ölkəmizə qarşı hansısa təxribat kampaniyasına rəvac verilməzdən öncə, "beşinci kolon"un maksimal aktivliyinin şahidi oluruq. Mexanizm isə çox sadədir: Sifariş verilir, təxribat qrupları işə salınır, Azərbaycanda guya kimlərəsə qarşı təzyiqlərin həyata keçirildiyi barədə sosial şəbəkələr və əsasən ölkə xaricində fəaliyyət göstərən media qurumları üzərindən göydəndüşmə "fakt"larla zəngin təbliğat kampaniyasına başlanılır, ən müxtəlif ağırlıq dərəcələrində cinayət törətmiş şəxslərə "siyasi məhbus diplomları" paylanılır və "Human Rights Watch", "Amnesty international", "Sərhədsiz reprtyorlar" və digər bu kimi geosiyasi təzyiq mexanizmləri kimi yaradılan təşkilatların böhtan və qarayaxmadan ibarət "hesabatlar" hazırlamaları, öz donorlarının maraqlarını ifadə edən bəyanat və açıqlamalar yaymaları üçün bəhanə bazası yaradılır.
Amma ölkəmizdəki "beşinci kolon" təmsilçilərini öz xarici "həmkarlarından" "fərqləndirən" çox önəmli bir cəhət var. Bu da açıq-aşkar işğalçı Ermənistanın yanında yer alan, Azərbaycanı zəiflətməyə, gücdən salmağa, təslimçiliyə sövq etməyə çalışan bəzi beynəlxalq təşkilatları təmizə çıxarmaq üçün fantastik iddialarla öz ölkələrinə qara yaxmaq cəhdidir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində Ermənistanın sərhəd təcavüzünə qarşı keçirdikləri etiraz aksiyasından və ermənilərin həmvətənlərimizə qarşı törətdikləri vəhşiliklərdən sonra bu tendensiya daha qabarıq nəzərə çarpır. Belə ki, son günlər Azərbaycanın qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin bəzi beynəlxalq qurumları, o cümlədən rəhbərliyində erməni əsilli və erməni sevdalı Sara Li Uiston kimi şəxslərin təmsil olunduğu "Human Rights Watch" kimi təşkilatları erməni diasporunun təmsilçilərinin həmvətənlərimizə və diplomatik nümayəndəliklərimizə qarşı həyata keçirdikləri zorakılıq və vandalizm aktlarını pisləməyə çağırmaları "beşinci kolonu" yenidən hərəkətə gətirib. Və onlar Azərbaycan QHT-lərinin, ictimai fəalların ermənilərin vəhşilikləri ilə bağlı beynəlxalq təşkilatlara ünvanladıqları müraciətlərdən diqqət yayındırmaq üçün dəridən-qabıqdan çıxmağa başlayıblar. Azərbaycanlıların ermənilərin cinayətkar əməlləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanladığı andan, heç bir əsas və fakt olmadan, Azərbaycan vətəndaşlarının dövlət və orduyla həmrəylik nümayişindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan, ölkə parlamentinin binasına daxil olaraq vandalizm aktları törədən, polis maşınının aşıran, dövlət əleyhinə zorakılıq əməllərinə çağırışlar edən və bu səbəbdən prokurorluq orqanları tərəfindən istintaqa cəlb olunan şəxslərə, o cümlədən Fuad Qəhrəmanlıya "təzyiq göstərildiyi", "işgəncə verildiyi" barədə uydurma iddialar körüklənir. İddia olunur ki, guya istintaq prosesində Əli Kərimli adlı klassik avantüristin əleyhinə ifadə almaq üçün şübhəli şəxs kimi istintaqa cəlb edilən şəxlərə qarşı hüquqa zidd əməllər törədilir. Təbii ki, öncədən qeyd etdiyim kimi, ortalıqda hər hansı bir fakt yoxdur, yalnız feyk xəbərlər əsasında hazırlanmış təbliğat materialları var. Məqsəd isə uzun illər boyu himayələrinə sığındıqları, nüfuz müvəkkilliklərini etdikləri təşkilatları Azərbaycanlıların erməni vəhşilikləri ilə bağlı haqlı tələblərinə cavab vermək "əzab"ından xilas etməkdir.
Xatırlayırsınızsa, eyni bəhanə mexanizmləri Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindən həyata keçirdiyi hərbi təxribata qarşı, Avropada, Amerikada, dünyanın dörd bir yanında həmvətənlərimizin təşkil etdiyi etiraz aksiyalarına ermənilərin aqressiv, cinayət tərkibli müdaxilələri zamanı da işə salınmışdı. Həmin vaxt "beşinci kolon"un xaricdəki təmsilçiləri - Sevinc Osmanqızı, Arif Məmmədov, Məhəmməd Mirzəli və digərləri azərbaycanlıların öz ölkələrinin, xalqlarının maraqlarından çıxış edərək, Ermənistanın bitmək bilməyən işğalçılıq siyasətinə, hərbi təxribatlarına qarşı keçirdikləri dinc etiraz aksiyalarına ermənilərin vəhşi müdaxilələrini pisləmək əvəzinə, Azərbaycan dövlətini ittiham etməyə, erməniləri təmizə çıxarmağa başlamışdılar. Və iddia edirdilər ki, guya bu aksiyaları Azərbaycan hökuməti təşkil edib ki, vətənlərini sataraq xaricə sığınan bu xəyanət dağarcıqlarına qarşı baş verə biləcək hər hansı bir hadisənin məsuliyyəti ermənilərin üzərinə atılsın. Əslində bu sözün bitdiyi yerdir. Simasızlığın, riyakarlığın, vətənə xəyanətin ən son həddidir. Azərbaycan xalqının qanına susayan, hər an izimizi tarixi torpaqlarımızdan silməyə hazır olan ermənilərin təmizə çıxarılmasına cəhd göstərməkdən, qarşılığında xalqının haqlı mücadiləsinin yanında yer alanları suçlamaqdan böyük ləyaqətsizlik yoxdur, ola da bilməz. Doğrusu, mən hər kəsdən yüksək milli təəssübkeşlik hissi də gözləmirəm. Söhbət torpaqlarının 20 faizi işğal altında olan, bir milyon insanı öz yurd-yuvasından didərgin salınan, etnik təmizləməyə, soyqırıma məruz qalan bir xalqın haqlı mücadiləsinə, dünyadan ədalət tələbinə olan insani münasibətdən gedir. Son hadisələr göstərdi ki, bu adamlar təkcə Azərbaycan xalqının bir parçası kimi deyil, həm də insan olaraq bitiblər.
Elçin Mirzəbəyli