Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 12:27
Beyrutdakı partlayışla bağlı müxtəlif versiyalar var. Hərə öz versiyasını irəli sürür. Bu partlayışın İsraillə əlaqəli olduğunu çox da düşünmürəm.
Bunu Sonxeber.net-a müsahibəsində Livanın paytaxtı Beyrutdakı güclü partlayışı şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib:
- Deyirlər guya, orada "Hizbullah" Hərəkatının silah deposu olub, ola bilsin İsrail onu partladıb. Bu hadisənin İŞİD-lə əlaqəli olduğunu da düşünmürəm. Partlayışın baş verdiyi Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində pirotexnika olub. Aydın məsələdir ki, bu hadisə araşdırılacaq, amma, həqiqətən, fəlakətin miqyası böyükdür.
Niyə dərhal İsraildən şübhələnirlər?
- Çünki İsraillə Livan arasında uzun müddət idi gərgin münasibət var. İsrail dəfələrlə olub ki, "Hizbullah" təşkilatının Livandakı mövqelərini bombalayıb. Ona görə də Livanda nə partlayış olursa, dərhal İsraildən şübhələnirlər. Düzdür, artıq İsrail bunu rəsmən təkzib edib. Çünki adətən İsrail hansısa bir əməliyyat keçirəndə heç bir şərh vermir. Şərh verməmək o demək olur ki, elə bunu İsrail həyata keçirib. Bu dəfə isə İsrail ənənəni pozaraq rəsmi açıqlama verdi ki, İsrailin bu məsələdə heç bir əli yoxdur, heç bir günahı yoxdur.
İŞİD o qədər zəifləyib ki, düşünmürəm bu cür həmlə ilə çıxış edə bilsin
O ki, qaldı İŞİD-ə, İŞİD ona görə Livanı, "Hizbullah"ı hədəf götürə bilərdi ki, məhsəb qarşıdurması var. Amma mən xatırlamıram ki, İŞİD son illərdə o qədər güclü olsun. İŞİD o qədər zəifləyib ki, düşünmürəm düşmənlərinə qarşı bu cür həmlə ilə çıxış edə bilsin. Əlbəttə, bu versiyada bir müddət gündəmdə qalacaq. Əsas məsələ araşdırmadan asılıdır.
Bunu dünya nəhənglərinin növbəti ssenarisi adlandırmaq olar?
- Mən özüm də Livanda, Beyrutda olmuşam. Bu, elə bir şəhərdir ki, çox qarışıq yerdir. Mən o zaman Livanın baş naziri Rafiq Həriridən müsahibə də götürmüşdüm. Sonra onu da güclü terror nəticəsində öldürdülər. İllər uzunu araşdırmalar getdi, bilinmədi axırı nə oldu. Suriyadan şübhələndilər, çünki Suriyanın o zaman Livanda qoşunları var idi və əhalinin bir hissəsi o qoşunların çıxarılmasını tələb edirdi.
İndiyənə kimi bilinmədi ki, Həririni kim və nəyə görə öldürdü
Dedilər, Suriyanın əli var, İranın əli var. Müxtəlif versiyalar səsləndi, indiyənə kimi bilinmədi ki, Həririni kim və nəyə görə öldürdü. Livanda 1980-ci illərdə vətəndaş müharibəsi gedirdi, qarışıq ölkədir. Livanda müxtəlif dini qurumlar yaşayır - xristianları var, ərəb sünnilər var, ərəb şiələr var, ərəb xristinalar var. Ola bilsin dini qruplar arasında qarşıdurma olsun, ola bilsin kimsə hansısa qruplaşmaya zərər yetirmək üçün ora partlayıcı qurğu yerləşdirib. Bütün bu versiyalar gündəmdə qalır, araşdırma aparılmalıdır, araşdırma aparılmayana qədər, nəticə bilinməyənə qədər istənilən qrupdan, istənilən ölkədən şübhələnmək olar.
Bu olay Yaxın Şərqdə hansı dəyişikliklərə səbəb ola bilər?
- Bu hadisənin heç bir ciddi dəyişikliyə gətirəcəyinə inanmıram. Zərər Livana dəydi. düzdür, indi bəzi ölklər açıqlama verdi ki, Livana istənilən köməyi, dəstəyi verməyə hazırıq. İlk günlərdə həmişə belə olur. Sonra həmin ölkə o dərdlə üz-üzə qalır. Özü də Livanda son illər çox ciddi sosial-iqtisadi problemlər yaşanır. Bu vəziyyətdən necə çıxacağı da, əslində, bəlli deyil.
Livanda böyük erməni qrupları yaşayır
Livanın siyasəti də bir çoxlarında narazılıqlar doğurur, elə bizim özümüzdə də. Livanın işğalçı Ermənistanla çox sıx əlaqələri var. Müdafiə nazirləri tez-tez görüşürlər. Biz həmişə bundan narazı olmuşuq. Çünki Livan İslam Konfransı Təşkilatının üzvüdür. Aydındır ki, Livanda böyük erməni qrupları yaşayır, "Daşnaksütün" və digər partiyaların orada təmsilçilikləri var və ona görə də Ermənistanla sıx əlaqələr qurur. (ASALA terror təşkilatı 1975-ci ildə Beyrutda təsis edilib və mənzil-qərargahı da elə Livanın paytaxtında yerləşir - T.T)
Düzdür, belə bir fəlakətin olmasını bir heç kimə arzu etmirik, Livana da arzu etmirik. Amma yenə də belə bir hadisə baş verib.
Düşünmürəm ki, hansısa beynəlxalq təşkilatlar Livana ciddi kömək etsin. Bu saat böyük təşkilatların, böyük dövlətlərin özlərinin problemləri o qədərdir ki, öz problemlərini həll edib bitirə bilmirlər. Burada pandemiya məsələləri var, iqtisadi-sosial yüklər var. Ona görə, Livan, çox təəssüf ki, bu problemlərlə uzun müddət üz-üzə qalacaq.
Qeyd edək ki, son açıqlamalara görə, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb, xəsarət alanların sayı isə 4 mini keçib.
Təhməz Təkin