Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2025 15:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Ukraynanın Prezidenti Volodimir Zelenskini təbrik edib.
Sonxeber.net xəbər verir ki, təbrik məktubunda bu əlamətdar gün münasibətilə Prezident Volodimir Zelenskiyə və onun simasında bütün Ukrayna xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini, ən xoş arzularını yetirən dövlətimizin başçısı qeyd edib: Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır.
Hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir.
Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir.
Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
Prezident İlham Əliyev bu bayram günündə ukraynalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Ukrayna xalqına isə sülh və əmin-amanlıq diləyib.