Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 14:24
Bakı. Ceyhun Ələkbərov - Trend:
Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar karantin rejiminin şərtlərinə uyğun müəyyənləşdirilmiş qrafiklə işləyir.
Bunu Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə bu ilin birinci rübü üçün ən çox sərnişin fevral ayında daşınıb:
"Bakı-Pirşağı-Sumqayıt istiqamətində fevral ayı ərzində 89 mindən çox, Bakı-Xırdalan- Sumqayıt istiqamətində isə 243 mindən artıq sərnişin hərəkət edib. Ümumiyyətlə, qurum olaraq sərnişinlərimizin rahatlığı və təhlükəsizliyini daima diqqətdə saxlayırıq. Odur ki, mayın 4-dən və 18-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra sərnişinlərin sayında artım müşahidə edildi. Bunu nəzərə alaraq, pandemiya dövrünün tələblərinə əməl olunmasını təmin etmək məqsədilə xətdə qatar sayı artırıldı. İyunun 5-dən də sərnişin sıxlığı nəzərə alınaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların sayı artırıldı və qrafik dəyişildi. Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılması ilə əlaqədar iyulun 7-dən qatarların sayı azaldıldı və qrafik yeniləndi".
QSC-dən əlavə ediblər ki, Bakı-Pirşağı-Sumqayıt istiqamətində iyun ayı ərzində daşınan sərnişin sayı 43 mindən çox olub. Bakı-Xırdalan-Sumqayıt istiqamətində isə iyun ayı ərzində 66 mindən artıq sərnişin xidmətdən istifadə edib.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 31-dək uzadılması ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarları həftəsonları hərəkətdə olmayacaq.