Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 10:32
Qəbələdə mərkəzi küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib. Ötən gündən etibarən Polad Həşimov yazılan lövhələr artıq küçəboyu yerləşdirilib. Amma bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimovun adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı yalan məlumatlar yayılıb.
Sonxeber.net xəbər verir ki, rayon icra hakimiyyətinin baş memarı Təbriz Abdulxalıqov AZƏRTAC-a bildirib ki, Qəbələ rayonunda Həzi Aslanov küçəsinə Polad Həşimovun adının verilməsi barədə məlumat həqiqətə uyğun deyil və əsassızdır.
Baş memarın sözlərinə görə, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə verilib. "Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir. Yəni, Həzi Aslanov küçəsinin adı dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq, son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə kompleksinədək uzanır. Bir daha kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan çəkinməyə çağırırıq", - deyə Təbriz Abdulxanov bildirib.
Qəbələ şəhər sakini Sədaqət Bayramova ilə söhbət zamanı deyib ki, general-mayor Polad Həşimovun adının Qəbələnin ən böyük və baxımlı, yerli sakinlərin, eləcə də turistlərin sıx hərəkət etdikləri küçəyə verilməsi həqiqətən də qürurvericidir.
Vəndam qəsəbə sakini Eyvaz Kazımov isə vurğulayıb ki, Polad Həşimovun adı hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Bununla belə şəhidimizin adının rayonun küçələrindən birinə verilməsi hər bir qəbələlidə qürur hissi doğurub.
Qeyd edək ki, general-mayor Polad Həşimov Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub. O, 2-ci Fəxri xiyabanda dəfn edilib.
İyulun 30-da Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində anadan olmuş general-mayor Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün rayonun küçələrindən birinə onun adının verilməsi və digər müvafiq tədbirlərin görülməsi barədə rayon icra hakimiyyətinin başçısına tapşırıq vermişdi.