Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minskdə gərginlik artır - rusiyalı jurnalistlər həbs olundu, Tixanovskaya üzə çıxdı - FOTO

Minskdə gərginlik artır - rusiyalı jurnalistlər həbs olundu, Tixanovskaya üzə çıxdı - FOTO

Tarix: 9 Avqust 2020 19:36

Ehtimal olunur ki, seçkinin nəticələri Lukaşenkonun xeyrinə saxtalaşdırılacaq, bundan sonrasına isə belarus xalqı qərar verəcək
Bu gün 10 milyona yaxın əhalisi olan Belarusda kritik prezident seçkisidir. Pandemiya səbəbindən avqustun 4-dən etibarən səsvermə başlayıb. Seçicilərin a22 faizdən çoxunun səs verdiyi deyilir.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,seçkidə hazırkı prezident Aleksandr Lukaşenko ilə yanaşı, Svetlana Tixanovskaya, parlamentin keçmiş deputatı Anna Kanopatskaya, Belarus Sosial-Demokrat "Qramadı"nın sədri Sergey Çereçeni və "Həqiqəti danış" İctimai Birliyinin həmsədri Andrey Dmitriyev mübarizə aparır.

Lukaşenkonun əsas rəqibi həbs edilən bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır. Sual oluna bilər ki, əri həbs edildiyi halda, niyə onun soyadını daşıyan xanımın namizədliyi qeydə alınıb. Səbəb sadədir: Lukaşenko əvvəldən bəyan edib ki, xanım namizədləri özünə rəqib hesab etmir...  

Qeyd edək ki, Sergey Tixanovskidən başqa Vladimir Nepomnyaşi və Viktor Babariko da seçki yarışından uzaqlaşdırılıblar və həbsdədirlər.

Seçki qərərgahının rəhbəri saxlanıldı, Tixanovskaya gizlənməyə məcbur oldu

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın seçki qərargahının rəhbəri Mariya Moroz avqustun 8-də axşam saxlanılıb. Ancaq onun niyə saxlanması barədə hər hansı rəsmi məlumat verilməyib. Avqustun 8-də axşam Svetlana Tixanovskaya da həbs olunma və ya hansısa təxribat səbəbindən Minskdəki evini tərk edib, qeyri-leqal şəraitdə işləməyə məcbur olub. Onun mətbuat katibi Anna Krasulinanın sözlərinə görə, Tixanovskaya gecəni tərəfdarları və jurnalistlərin əhatəsində keçirib. Krasulina Tixanovskayanın evinin yaxınlığında mülki geyimli asayiş keşikçilərinin toplandığını da qeyd edib.

Sükut günü, amma ölkə "tikan üstə"...

Avqustun 8-də ölkədə sükut günü elan edilsə də, seçkiqabağı gərginlik səngiməyib. Minskin bütün meydanlarında, küçələrində divarlar "Saşa 3 faiz" yazıları ilə "bəzənib". Belarus hüquq-mühafizə orqanlarının təqiblərindən velosipedlərlə qaçan gənclər mümkün olan divar, hasar və səkilərə bu şüarı yazıblar. Minskin mərkəzində bir neçə müxalifət tərəfdarının aksiya keçirmək cəhdi isə baş tutmayıb. OMON mitinqin iştirakçılarını saxlayaraq naməlum istiqamətə aparıb.

Bildirilir ki, indi hər yerdə-avtomobillərdə, motosikiletlərdə Viktor Tsoyun Belarus müqavimətinin simvoluna çevrilmiş "Qəlblərimiz dəyişiklik tələb edir" mahnısını eşitmək olar.

Belarus hakimiyyəti həbsləri davam etdirdiyindən avqustun 8-də xüsusilə böyük şəhərlərdə-Minsk və Qrodnıda əhali çölə çıxmağa risk etməyib, küşə və meydanlarda tək-tək adamlar gözə dəyib. Bir çoxları şəhərətrafı bağlara gediblər, lakin Svetlana Tixanovskayanın çağırışına dəstək olaraq bu gün seçki məntəqələrinə gələcəklərinə söz veriblər. Amma "Lukaşenko özünə istədiyi nəticəni yazdıracaq" deyib, seçki məntəqəsini getməyin əbəs iş olduğunu düşünənlər də var. Bununla bərabər bəziləri ilk dəfə seçki məntəqəsinə gedəcəklərini və vətəndaş mövqelərini bildirəcəklərini deyib, ölkədə dəyişikliklər olacağına ümidlərini itirməyiblər. "Vesna" hüquq müdafiə təşkilatının rəhbəri  Valentin Stefanoviç deyib ki, əgər əvvəllər yalnız Minsk və Qrodnı Lukaşenkoya əsasən müxalif şəhərlər hesab olunurdusa,  indi əksər bölgələr dəyişiklik əhval-ruhiyyəsinə kökləniblər.

"İnternet və mobil telefonlar işləməyəcək" xəbərdarlığı

Minskdə hotellərin, müəssisələrin, ticarət obyektlərinin işçilərinə qeyri-rəsmi xəbərdarlıq edilib ki, bu gün ölkəboyu internet, mobil rabitə və hətta şəhər telefonları işləməyəcək. Seçkini işıqlandlırmaq üçün Belarus paytaxtında olan rusiyalı müxbirlər yerli mobil rabitə xidmətinin sim-kartını alıblar. Amma satıcılar onlara xəbərdarlıq edib ki, avqustun 9-da bu sim-kartlardan istifadə edə bilməyəcəklər, ən azı bu, paytaxt Minskdə mümkün olmayacaq. Xarici qonaqların qaldığı Minskin mərkəzindəki hotellərin birində də avqustun 9-da mobil rabitənin və internetin işləməyəcəyinin deyiblər. Bildirilir ki, iyulun 19-da Svetlana Tixanovskaya "Xalqlar Dostluğu" parkında təşviqat mitinqi keçirərkən də Minskdə rabitə ilə əlaqələrdə fasilələr yaranıb.  

Belarus xalqı nə qərar verəcək?

Rusiyanın müstəqil mediası Belarus seçkisindən yazarkən, postsovet avtoritarizminin son illərdə ən böyük problemlə üzləşdiyini iddia edirlər. Qeyd olunur ki, 1994-cü ildən hakimiyyətdə olan Lukaşenko "xalq sevgisini itirib", amma hakimiyyətdən əl çəkmək fikrində deyil. Proqnozlar isə bir-birindən yalnız Lukaşenkoya yazılacaq səs faizi ilə fərqlənir. Məsələn, "Novaya gazeta" yazır ki,  prezidentə sadiq olan seçki komissiyaları Lukaşenkonun 75%  civarında qələbə qazandığını elan edəcəklər, amma belaruslar bu qələbəni qəbul etməyəcəklər. İddia olunur ki, avqustun 10-u Belarus üçün həlləedici olacaq.

Açıq yazılmasa da, belə ehtimal olunur ki, seçkinin nəticələri Lukaşenkonun xeyrinə saxtalaşdırılacaq, bundan sonrasını isə belarus xalqı həll edəcək. Bəs, ilkin nəticələr elan olunanda nə baş verə bilər? Müşahidələr göstərir ki, Belarusun hakim elitasında, ilk növbədə, güc bloku Lukaşenkoya sadiqdir və hakimiyyəti əldən saxlamaq üçün çalışacaqlar.

Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusuna görə, Tixanovskaya Lukaşenkonu 3% üstələyir. "MSK səsləri vicdanla sayacağı təqdirdə prezident seçkilərinin ikinci turu qaçılmazdır" deyə, bildirilir.

Rəyi soruşanların 31%-i Svetlana Tixanovskaya, 28%-i Lukaşenkoya, 18%-i "Həqiqəti danış" İctimai Birliyinin həmsədri Andrey Dmitriyevə, 4%-i Belarus Sosial-Demokrat "Qramadı"nın sədri Sergey Çereçenə, Anna Kanopatskaya isə 3% səs verməyə hazırdır. 7% hamıya qarşı səs verməyə hazırdır, 9% isə qərar verməyib. Seçici fəallığın 79% olacağı gözlənilir.

Belarus rəsmi dairələrinin məlumataına görə, seçkini izləmək üçün 248 xarici, 50 minə yaxın yerli müşahidəçilər akkreditasiya olunub. Müxalifət isə müşahidəçilərinin seçki prosesinə buraxılmadığını iddia edir.

Seçkinin son nəticələri avqustun 19-dan gec olmayaraq açıqlanmalıdır.

***

Təxminən altı min seçki məntəsində seçicilər axşam saat 8-ə qədər (yerli vaxtla) səs verə biləcəklər. 44 seçki məntəqəsi isə ölkə xaricində açılıb. Ölkədə seçici sayı 6.8 milyondan çoxdur. Vətəndaşların 50 faizdən çoxu iştirak edirsə, seçki baş tutmuş sayılacaq. Bəzi siyasətçilər hesab edirlər ki, seçki ədalətli olarsa, ikinci turun keçirilməsi də mümkündür.

Svetlana Tixanovskaya video-müraciət yaydı: "Necə yəni ölkəni kimsəyə vermərik?"

"Voennoye Obozreniye" xəbər verir ki, Svetlana Tixanovskayanın video-müraciəti yayılıb. Lukaşenkonun əsas rəqibi olan xanım deyib ki, dövlət başçısı kim olursa-olsun, əhalini qorxu içində saxlamamalı, siyasətçiləri və onların övladlarını həbsxanalara doldurmamalıdır.  Xanım namizəd  Lukaşenkonun bir neçə gün əvvəl parlamentdəki çıxışında "ölkəni başqa kimsəyə vermərik" fikrini sərt tənqid edib.

"Biz bu sözləri başa düşmürük. Necə yəni kimsəyə verməyəcək? Kimsə dövləti onu verməmək üçün mənimsəyib? Biz kiminsə əmlakıyıq? Belaruslar şəxsi mülk deyil və ölkə də bir şəxsə məxsus olmamalıdır", - deyə, o bildirib.*

***

Belarusda seçki sonrası mümkün gərginlikləri önləmək üçün hakimiyyət Minskə qoşun yığıb. Bununla bağlı video və fotoları paytaxt sakinləri çəkib, sosial şəbəkədə yayıblar. Bildirilir ki, avqustun 9-na keçən gecə zirehli texnikanın Minskə doğru hərəkəti müşahidə edilib. Hökumət paytaxta niyə qoşun gətirilməsi ilə bağlı əlavə izahat verməyib.

Müxalifət qüvvələrinin seçki məntəqələri bağlandıqdan dərhal sonra küçələrə çıxacağı gözlənir. Amma əsas mitinq sabaha - avqustun 10-na təyin edilib. Amma çoxları bu gecə gərginliklər olacağını proqnozlaşdırır.

"Həqiqəti danış" İctimai Birliyinin həmsədri, prezidentliyə namizəd Andrey Dmitriyev isə əsgərlərə səslənib:

"Rejimin süqutunu izləyirik və onun qanla bitməsini istəmirik. Bu isə sizdən asılıdır. Siz hərbi xidmətə bir nəfəri deyil, bütün Belarusu müdafiə etmək üçün getmisiniz. Sizə müraciət edirəm: mülki insanları qoruyun. Bunlar analarınız, atalarınız, qardaşlarınız, bacılarınız, arvadlarınız, övladlarınızdır. Əgər bunu  unutsanız, insanlar bu etdiyinizi heç vaxt unutmayacaqlar."

Dmitriyev deyib ki, təhlükəsizlik qüvvələrinin xalqın tərəfini tutacağına şübhə edir:

"Onlara 1000 dollar maaş verilir. Bu, Belarus üçün çox böyük rəqəmdir"

İlk beş gündə nə qədər adam səs verib?

Belarusda pandemiya səbəbindən erkən seçki avqustun 4-də başlayıb. Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib ki, erkən səsvermədə seçicilərin 41,7% -i səs verib.

***

Gözləndiyi kimi, Belarusda seçki günü internet rabitədə ciddi problem yaraıb. Bakı vaxtilə saat 14:00-a olan məlumata görə, xarici jurnalistlər yalnız qısa mətnli xəbərlər göndərə bilir, video və fotoların göndərilməsi isə demək olar ki, mümkünsüzdür. Minskdə bir gün əvvəldən ölkəboyu internet, mobil rabitə və hətta şəhər telefonlarının işləməyəcəyi barədə xəbərdarlıq vardı.

Minskdə yerli sakinlər Telegram və digər sosial şəbəkələrdən istifadə edə bilmədiklərini deyiblər. İstifadəçilər internet və telefon bağlantıları ilə bağlı çətinliklərin təkcə paytaxtda deyil, digər şəhərlərdə də yarandığını bildiriblər.

Müxalifətçilərin isə hökumətin bu addımına hazırlıqlı olduğu müşahidə edilib. Rusiyalı jurnalistlər yazır ki, onlar sosial şəbəkələrdə çətinlik yaranacağı təqdirdə, telefonlarına artıq xüsusi proqram yükləyiblər. Yeni proqramda xəbərləşmənin necə olacağı barədə də əvvəldən təlimat verilib. Bluetooth vasitəsilə işləyən mesajlaşma proqramlarını əksəriyyət əvvəldən telefonuna yükləyib.  Ancaq məlumdur ki, bu tip mesajlaşma yalnız iki cihaz arasındakı məsafə yaxın olduqda mümkündür.

***

"Seçkidən sonra Belarusda xaos və vətəndaş müharibəsi olmayacaq".

Bu açıqlamanı səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında Belarus prezidentliyinə namizəd Aleksandr Lukaşenko deyib.

"Vəziyyətin gərgin olduğunu gizlətmək mümkün deyil, ancaq sabahdan etibarən ölkədə xaos və ya vətəndaş müharibəsi olacağını deməyə əsas yoxdur. Bunun belə olacağına təminat verirəm", - deyə, Lukaşenko bildirib.

Lukaşenko əlavə edib ki,  hakimiyyətin "hər cür variantını" nəzərdən keçirirlər. Hazırkı prezident ölkədə qarşıdurma və nifaq salmaq istəyən medianı hədələyib, "onlara anında cavab veriləcək" söyləyib.

Lukaşenko Moskva ilə münasibətlərin pisləşməsi barədə iddiaları da təkzib edib. O deyib ki, 33 rusiyalının Minskdə həbsi münasibətlərə kölgə sala bilməz.

Hər zaman olduğu kimi, Bədən Tərbiyəsi Universitetində səs verən "Batka"nın seçici məntəqəsində koronavirusla bağlı önləyici tədbir almadığı da diqqət çəkib. Koronavirusa yoluxduğunu gizlətməyən Lukaşenko seçki məntəqəsində hər kəslə əl tutub, seçki məntəqəsində heç kimin qoruyucu maskası olmayıb.

Saat 14:00 radələrində Belarus Mərkəzi Seçki Komissiyası seçkidə artıq 50 faizdən çox seçicinin iştirakını rəsmən təsdiqləyib və bununla da prezident seçkisinin baş tutduğu elan olunub.

***

Bir neçə dəqiqə əvvəl Minskdə Rusiyanın "Dojd" telekanalının əməkdaşları həbs ediliblər. Saxlanılan jurnalistlər - Vladimir Romenskiy, Vasili Polonskiy və operator Nikolay Antipova qarşı xüsusi zorakılıq olub. Onları küçədə saxlayan mülki geyimli şəxslər onları xüsusi zorakılıqla yerə yıxıblar. Jurnalistlərin niyə həbs edilməsi barədə rəsmi bilgi yoxdur, amma məlumdur ki, "Dojd" Kremlin nəzarətində olmayan telekanaldır və müxalifət mövqeyinə daha çox yer verir.

Məlumata görə, jurnalistləri prezidentliyə əsas müxalif namizəd Svetlana Tixanovskaya ilə söhbətdən dərhal sonra saxlayıblar.

S.Tixanovskaya gəlincə, xanım namizəd Minskin Kalinovskovo küçəsindəki 137 saylı məktəbdə səs verib. Çoxsaylı tərəfdarları onu "Sveta, afərin!" sədaları ilə qarşılayıblar. Tərəfdarları təhlükə səbəbindən seçki məntəqəsinə giriş-çıxışında onu hər tərəfdən əhatəyə alıblar.

Yada salaq ki, Svetlana Tixanovskaya təhlükəsizlik səbəbindən ötən gecəni jurnalistlərin və tərəfdarlarının əhatəsində keçirib. Onun seçki qərargahından 8 nəfər saxlanılıb. Onların arasında seçki qərargahının xanım rəhbəri də var.


Etiketlər:  Minskdə gərginlik artır rusiyalı jurnalistlər həbs olundu Tixanovskaya üzə çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ