Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 09:39
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır. Azərbaycan Ordusu bunu 2016-cı ilin Aprel döyüşləri zamanı bir daha sübut etdi. Ordumuzda olan hərbi texnika, şəxsi heyətin yüksək hazırlığı, nizamlı döyüş taktikası, hərbçilərin qələbə əzmi, psixoloji vəziyyəti bunu deməyə əsas verir ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək.
Bu fikirləri Trend-ə millət vəkili Xanlar Fətiyev deyib.
X.Fətiyevin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev daim ordu quruculuğunu, hərbi texnikaların müasirləşməsini, yeni - bu günün tələblərinə uyğun olan hərbi sursatların alınmasını, ölkəmizdə bir çox silah və sursatların istehsal olunmasını daim diqqət mərkəzində saxlayır:
“2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi orta hesabla 15 dəfə artıb. Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Müharibə vəziyyətində yaşayan Azərbaycanın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. İndi nazirliyin müəssisələrində müxtəlif təyinatlı silah-sursat və hərbi vasitələrin istehsalı həyata keçirilir. Bu isə ordumuzun daha da qüdrətli olmasına xidmət edir”.
Millət vəkili vurğulayıb ki, beynəlxalq reytinqlərə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Bu, artıq onu göstərir ki, Ali Baş Komandan şəxsi heyətin formalaşdırılması istiqamətində əməli addımlar atır:
“Prezident İlham Əliyev daim çıxışlarında qeyd edir ki, bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər. Hərbçilərimiz bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Bunun üçün ordumuzda hər bir şərait var”.
X.Fətiyevin sözlərinə görə, dövlət başçısı hər bir Azərbaycan vətəndaşı kimi hərbçilərimizin də sosial rifahını yüksəltmək məqsədi ilə bir çox qərarlar qəbul edib:
"Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq hərbçilərimizə yaşayış evlərinin verilməsi, onların məvaciblərinin artırılması dövlətimizin orduya qayğısını göstərir. Ötən il 300-ə yaxın hərbçi yeni mənzillə təmin olundu. İyunun 18-də ölkə başçısının əməkhaqlarının artırılması ilə bağlı sərəncamları bir çox dövlət qulluqçuları ilə yanaşı, hərbçilərimizin də maddi rifahını yüksəltməyə xidmət göstərir. Prezident İlham Əliyevin hərbçilərimizə göstərdiyi bu diqqət sonda qüdrətli bir ordunun formalaşmasına xidmət edir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin