Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 15:36
Bakı. Trend:
Kaspersky, YARA qaydalarından istifadə edərək mürəkkəb təhdidlərin aşkarlanması üzrə onlayn təlimə başlayır. Bu təlim, kiber təhlükəsizlik mütəxəssisləri üçün hazırlanmışdır və GReAT* komandasının ən yaxşı təcrübələri ilə tanış olmaq, üstəlik, xüsusi virtual laboratoriyada kiber təhdidlərin aşkarlanması üzrə yeni bacarıqlara yiyələnmək imkanı verir.
YARA qaydaları - yeni zərərli proqram nümunələrinin müəyyənləşdirilməsi və təsnif edilməsi işini sadələşdirən, faktiki sənaye standartına çevrilmiş bənzərsiz bir vasitədir. Təhlükəsizlik mütəxəssisləri onun sayəsində təhlükəsizlik həlləri, təhdidər haqqında məlumatlarla iş üzrə xidmətlər və ya multiskanerlərdən istifadə edərək özlərinə uyğun faylları axtara bilərlər.
Kiber təhlükəsizlik mütəxəssislərinin öz effektivliklərini ən yaxşı səviyyədə saxlamaq üçün mütəmadi olaraq yeni bilikləri öyrənə bilməsi vacibdir. Məsələn, Kaspersky-nin** apardığı bir araşdırmaya görə, iri müəssisələrin rəhbər əməkdaşlarının 35% -i bu cür mütəxəssislərin təcrübə səviyyəsinin artmasını İT büdcəsinin artmasına təsir göstərən əsas amil adlandırır.
Təlimə 20-dən çox praktiki məşq daxildir. Məşqlərin məqsədi son bir neçə il ərzində Kaspersky tərəfindən aşkar edilmiş real mürəkkəb hücum nümunələrindən istifadə edərək YARA qaydaları yaratmaq bacarıqlarını inkişaf etdirməkdir.
“YARA qaydaları həm yeni, əvvəllər məlum olmayan hücumların aşkarlanması, həm də artıq bilinən təhdidlərin təsnif edilməsi üçün əsas vasitələrdən biridir. Onlar kiber casusluq kampaniyalarını və hətta proqram boşluqlarından edilən ani hücumları araşdırmağımıza kömək edir və onlardan istifadə sayəsində hadisələrə cavab vermə müddəti xeyli sürətlənir. Kursu onlayn formatda başlatmaqdan məmnunluq duyuruq, çünki bu, təcrübəmizi və biliklərimizi geniş miqyasda kiber təhlükəsizlik mütəxəssisləri ilə bölüşməyimizə imkan verir," deyə Kaspersky-nin Rusiya tədqiqat mərkəzinin rəhbəri Yuri Namestnikov bildirib.
Kursa erkən pulsuz giriş, şiddət qurbanlarına kömək edən, insan haqlarının qorunması, kiber təhlükəsizlik, kiber siyasət və diplomatiya sahələrində araşdırmalarla məşğul olan və kiber təhlükəsizlikdə çalışan hərbi personala dəstək verən bir sıra qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarının işçiləri üçün açıqdır. Bu sıraya Blueprint for Free Speech, Circle of Women in Cybersecurity, Cyber Peace Foundation, DiploFoundation, Almaniyanın Federal Qadın Məsləhətxanası Mərkəzləri və Qaynaq Xəttlər Assosiasiyası, Paris Universitetinin GEODE Təhsil Layihəsi, Hərbi Məktəblərin Strateji Araşdırmalar İnstitutu, Siyasi Araşdırmalar İnstitutu, VetSec İcması daxildir.
“Bu təlim sayəsində işçilərimiz yeni bacarıqlara yiyələnə və zərərli proqramlarla mübarizə texnologiyaları - YARA qaydaları və mürəkkəb təhdidlərin aşkarlanması üçün ən müasir texnikaları öyrənə biləcəklər. Bu, istismarların və proqram boşluqlarından edilən ani hücumların daha dərindən təhlil edilməsinə kömək edəcək və nəticədə eKawach layihəsini əhəmiyyətli dərəcədə təkmilləşdirəcək,” Cyber Peace Foundation-ın prezidenti Vinit Kumar deyib.
“Əsas hədəfimiz mentorluq və təhsil proqramları vasitəsilə qadınların kiber təhlükəsizlik şirkətlərində liderlik mövqelərinə çatmasına kömək etməkdir. Kaspersky-nin yeni kursu bunun üçün növbəti yaxşı fürsətdir. Bu, kibertəhlükəsizliyin tamamilə bir kişi sahəsi olduğu qərəzini yıxmağa kömək edir. Onlayn təlimin köməyi ilə təşkilatımızın üzvləri məlumatların təhlili və monitorinqi üzrə praktiki bacarıqlarını inkişaf etdirə və təhdid və hücumların mənbələrini tanımağı öyrənə biləcəklər. Bundan əlavə, proqram, qadınları digər oxşar texniki bacarıq təhsillərini axtarmağa təşviq edə bilər,” deyə CEFSYS-in qurucusu və prezidenti Nasira Salvan deyib.
Bu, Kaspersky-nin kibertəhlükəsizliyi mütəxəssisləri üçün internetdə təqdim olunan ilk təlimidir. Daha çox məlumatı buradan əldə edə bilərsiniz: https://xtraining.kaspersky.com/
*Dünyanın müxtəlif yerlərində çalışan və kiber təhdidlərin və onlara qarşı mübarizə vasitələrinin öyrənilməsi ilə məşğul olan 40-dan çox yüksək ixtisaslı mütəxəssisdən ibarət qrup. Bu mütəxəssislər kiber casusluq və kiber təxribat kampaniyaları da daxil olmaqla ən mürəkkəb hücumların araşdırılmasında qazandıqları uğurlarla tanınırlar.
**"Biznesin informasiya təhlükəsizliyi" araşdırması 2019-cu ildə B2B International ilə birlikdə Kaspersky tərəfindən həyata keçirilmişdir.