Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 17:39
"Narimanfilm" kinostudiyasının istehsalı olan "Fəridə" tammetrajlı bədii filmi "Budem jit" IX Moskva Kinofestivalında 2 mükafata layiq görülmüşdür: "Ən yaxşı qadın rolu" nominasiyasında mükafat Filmdə baş qəhrəmanı canlandırmış gənc aktrisa Məryəm İbrahimovaya təqdim olunmuş, həmçinin, "Fəridə" filmi "Tammetrajlı bədii film" nominasiyasında 3-cü yeri tutmuşdur. "Budem jit" kinofestivalı hər il olduğu kimi 2020 ildə də avqustun sonu sentyabrın əvvəlində keçirilərək Rusiya kinosu gününə və Moskva şəhəri gününə həsr olunmuş, Festivalın Bağlanış mərasimi sentyabrın 2-də baş tutmuşdur.
Sonxeber.net bildirir ki, "Narimanfilm" kinostudiyası "Fəridə" tammetrajlı bədii filmini Sankt-Peterburq Yeni Kino Məktəbi ilə birlikdə istehsal etmişdir. Filmin sürəkliliyi 70 dəqiqədir. Ssenari müəllifi və rejissoru Kseniya Laqutina, operatoru Dmitriy Naqovskiy, səs rejissoru Aleksandr Demyanov, prodüseri Nəriman Məmmədovdur. Baş qəhrəman rolunu gənc aktrisa Məryəm İbrahimova ifa edir. Digər rollarda Abdukərim Nasirov, Dilya Ulaşeva və başqaları çəkilmişlər.
Film Azərbaycanın Xınalıq kəndindən Sankt-Peterburqa gələn Fəridədən bəhs edir. Eşitmə problemləri olan gənc qız öz həyat yoldaşı Muradın axtarışındadır. O, Muradın harada olduğu haqqında tam xəbərsizdir. Böyük şəhər Fəridəni bir çox insanlarla qarşı-qarşıya qoyur və onun bütün həyatını alt-üst edir.
Film dram janrında çəkilmişdir. Bütün çəkilişlər Sankt-Peterburq şəhərində aparılmışdır.
Treyler - https://www.youtube.com/watch?v=yf7MArhek9M&t=2s