Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Görmə imkanları məhdud uşaqlar üçün hazırlanmış “Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub (FOTO)

Görmə imkanları məhdud uşaqlar üçün hazırlanmış “Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub (FOTO)

Tarix: 27 Iyun 2019 16:48

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” üzrə sifarişi əsasında həmin kateqoriyadan olan uşaqlar üçün hazırlanmış “Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, bir sıra özəl şirkətlərin təmsilçiləri iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri də sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiə sistemi və səmərəli reabilitasiya tədbirləri ilə əhatə olunmasına yönəlib. Bu kateqoriyadan olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının da prinsipləri nəzərə alınmaqla aparılan işlərin miqyası ildən-ilə genişlənir. Həmin işlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə qeyri-hökumət qurumları tərəfindən icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri də önəmli yer tutur. Belə layihələrdən biri kimi, “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” üzrə sifariş əsasında “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən “Danışan kitab” saytı və saytın mobil tətbiqi də hazırlanıb.

Nazir müavini qeyd edib ki, məqsəd əsərlərin tanınmış aktyorlar tərəfindən səsləndirilməsi yolu ilə görmə imkanları məhdud uşaqların hər hansı haqq ödəmədən müasir avadanlıqlardan istifadə edərək, bədii və elmi ədəbiyyatın müxtəlif nümunələrini dinləmələrinə şərait yaradılmasıdır. Bu da onların cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının dəstəklənməsinə xidmət edir. Sayt həmin uşaqların uşaqların informasiya əldə etmək imkanlarını asanlaşdırır, onlara müxtəlif əsərləri komyuter və telefon vasitəsilə rahat şəkildə dinləməyə imkan yaradır.

A.Kərimov Prezident İlham Əliyevin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamından da bəhs edib. O bildirib ki, bu Sərəncam ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər həssas qruplar üçün sosial xidmətlər sisteminin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə, onların ehtiyaclarına uyğun sosial xidmətlərdən faydalanmaları üçün yeni mərkəzlərin yaradılmasına imkan verir.

Nazir müavini Sərəncamla görmə imkanları məhdud uşaqlar üçün də yeni sosial reabilitasiya mərkəzlərinin yaradılacağını deyib.

Sonra yeni saytın və mobil tətbiqinin video təqdimatı olub.

Saytda görmə imkanları məhdud uşaqların ehtiyacları, mütaliə zövqü nəzərə alınmaqla, saytda Azərbaycan və dünya müəlliflərinin seçilmiş əsərləri Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlının, əməkdar artistlər Vidadi Həsənov və Hüsniyyə Mürvətovanın, “Yuğ Dövlət Teatrı”nın aktyoru Amid Qasımovun ifasında səsləndirilərək təqdim edilir. Saytın xüsusi mobil tətbiqində sadə istifadə imkanı mövcuddur və bununla barabər, inklüzivlik nəzərə alınmaqla, ölkəmizdə ilk dəfə olaraq səslə idarəetmə imkanı verən mobil tətbiq yaradılıb. Layihənin gələcəkdə icrası və daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edənlər görmə imkanları məhdud uşaqlar üçün həyata keçirilən bu layihənin, onlar üçün “Danışan kitab”saytının və mobil tətbiqinin hazırlanmasının əhəmiyyətini vurğulayıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Görmə imkanları məhdud uşaqlar üçün hazırlanmış Danışan kitab saytının mobil tətbiqinin təqdimatı olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ