Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 08:48
İnternet analitikasında ixtisaslaşan "Net Applications" şirkəti dünyada müxtəlif əməliyyat sistemlərinin yayılması üzrə statistikanı dərc edib. Məlum olub ki, 2001-ci ildə təqdim edilən "Windows XP" hələ də milyonlarla kompüterdə istifadə olunur.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 2020-ci ilin avqustuna olan vəziyyətə görə, 19 il əvvəl buraxılan əməliyyat sistemi dünyada bütün noutbuk və fərdi kompüterlərin 1,26 faizində quraşdırılıb. Bu, aktual "Windows 8" (0,57 faiz), "ChromeOS" (0,42 faiz) və "Windows Vista" (0,12 faiz) əməliyyat sistemlərinin göstəricisini xeyli üstələyir.
"Windows XP" sistemindən istifadə rəsmən 14 aprel 2014-cü ildə dayandırılıb. Bu, o deməkdir ki, "Microsoft" korporasiyası tərəfindən əməliyyat sistemi üçün altı ildən çoxdur, vacib texniki yeniləmələr və təhlükəsizlik yeniləmələri buraxılmır.
Hazırda dünyada iki milyarddan çox kompüterin mövcud olmasını nəzərə alaraq ehtimal etmək olar ki, fərdi kompüterlərin təxminən 25,2 milyonu təhlükəli "Windows XP" sisteminin idarəetməsi ilə işləməkdə davam edir.
Bununla belə, "Windows 10" əməliyyat sistemi kompüterlərin 60 faizində quraşdırılıb. Bu, 21 ay əvvəlki 50 faiz göstərici ilə müqayisədə nəzərəçarpacaq artımdır. "Windows 7" sisteminin payı isə il ərzində 31,53 faizdən 22,31 faizədək azalıb.
"Microsoft" korporasiyasının əməliyyat sistemləri sahəsində yaxın rəqibi "Apple" şirkəti olsa da, onun əməliyyat sistemlərinin göstəriciləri liderdən xeyli geri qalır. Belə ki, "Mac OS X 10.15", "Mac OS X 10.14" və "Mac OS X 10.13" əməliyyat sistemlərinin payı müvafiq olaraq 3,49, 2,96 və 1,44 faiz təşkil edib.