Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 23:24
Azərbaycan Qoşulmama Hərəkatının rəhbəri olaraq bu hərəkatın əsas vəzifələrindən biri olan işğalçılıqla mübarizəni yerinə yetirir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə İranın Özbəkistan, Tailand və Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib. Onun sözlərinə görə, hazırda Qoşulmama Hərəkatının önəmli olan məsələlərindən biri də müstəqil ölkələrin işğal problemi ilə üzləşməsidir. Azərbaycanın da ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal olunub.
Pakayin əlavə edib ki, işğalçılıq bütün dünyada ədalətli sülhə maneədir və ədalətə ziddir.
Keçmiş səfir bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələr əməkdaşlıq prinsipləri əsasında dünyada sülhü və təhlükəsizliyi bərpa etməyə və müharibə və münaqişələrin qarşısını almağa çalışırlar.
"Azərbaycanın 2022-ci ilədək Qoşulmama Hərəkatına sədrlik edəcəyini nəzərə alsaq, bu, hərəkatın məqsədlərini reallaşdırmaq üçün böyük fürsətdir. Çünki bu hərəkat BMT-dən sonra ən çox üzvü olan 2-ci beynəlxalq siyasi qurumdur" - deyə, o qeyd edib.
Pakayin deyib ki, bu hərəkat çoxtərəfli əməkdaşlıqların inkişaf etməsində aktiv qurumlardan biridir. Belə ki, ölkələr müstəqil şəkildə öz prioritetləri, dünyanın problemləri və münaqişələri haqda öz mövqelərini bəyan edir və həllini tapmağa çalışırlar. SSRİ-dən sonra Qoşulmama Hərəkatının məqsədlərinə iqtisadiyyat əlavə olunub. Hərəkata üzv ölkələr arasında iqtisadi əməkdaşlıqların inkişafı prioritetə çevrilib.
"Hazırkı durumda Qoşulmama Hərəkatı əsas məqsədlərinin reallaşması üçün multilateralizmi inkişaf etdirməlidir. Azərbaycan bu istiqamətdə Qoşulmama Hərəkatının uğurlu rəhbərlərindən birinə çevrilə bilər" -deyə, o qeyd edib.
Pakayin bildirib ki, günümüzün əsas məsələsi koronavirusdur. Azərbaycan üzv ölkələrlə birlikdə koronavirusun vurduğu ziyanlarla mübarizənin aparılması və insanlara dəyən zərərin azaldılması istiqamətində addımlar atmaqdadır.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatına üzv ölkələrdən istedadlı mütəxəssislərin iştirakı ilə komitənin yaradılması bu təbii fəlakətin qarşısının alınması üçün bir addım ola bilər: "İran və Azərbaycan Qoşulmama Hərəkatının iki aktiv üzvüdür. İki ölkə bir çox beynəlxalq məsələlərdə həmrəydirlər. Hər iki ölkə multilateralizm, sanksiyalarla və işğalçılıqla mübarizədə yekdil mövqe sərgiləyir. Azərbaycan və İran bu həmrəyliklə Qoşulmama Hərəkatının öz əsas vəzifələrinin yerinə yetirilməsi və mövqeyinin irəlilədilməsində bu hərəkata köməklik göstərə bilər".
Pakayin qeyd edib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər öz iqtisadiyyatlarını gücləndirməyə və çeşidliliyi artırmağa çalışırlar. Azərbaycan üzv ölkələr arasında enerji, məhsul tranziti, ticarət və turizm sahələrində əməkdaşlıqları formalaşdıra bilər. Bu da bütün üzv ölkələrin xeyrinə olacaq.