Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 21:30
Bu gün Əməkdar incəsənət xadimi Lətif Səfərovun doğum günüdür
Sentyabrın 30-u Azərbaycanın kino tarixində xüsusi dəst-xətti ilə seçilən Əməkdar incəsənət xadimi Lətif Səfərovun doğum günüdür.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu gün tanınmış kinorejissorun anadan olmasının 100-cü ildönümü tamam olur.
Lətif Səfərov 1920-ci ildə Şuşada doğulub. 7 yaşında olanda rejissor Leo Murun "Gilan qızı" filmində çəkilib. Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı başlanıb. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Qızıl kol" filmlərində uşaq obrazlarını ifa edib. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. Bir müddət müalicə aldıqdan sonra Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. O, Bakıda əvvəlcə kinostudiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs alıb. 1950-cı ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya qayıdır və kinostudiyada çalışmağa başlayır.
1955-ci ildə "Bəxtiyar" filmini ekranlaşdırır. "Bəxtiyar" filmi Lətif Səfərovun böyük kinoda ilk və uğurlu işidir. "Bəxtiyar" filmində baş rolu Rəşid Behbudov ifa edir və bununla da filmin şöhrəti hər yerə yayılır. Lətif Səfərov filmdə Rəşid Behbudovla yanaşı peşəkar, sevilən aktyor truppası toplayır. Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli, Məmmədrza Şeyxzamanov, İsmayıl Əfəndiyev, İsmayıl Osmanlı və başqalarının yaratdığı obrazlar filmin ümumi ab-havasına çox uyğun gəlir.
Lətif Səfərovun ekranlaşdırdığı "Leyli və Məcnun", "Qızmar günəş altında" bədii filmləri də kino tamaşaçıları tərəfindən çox sevilib və uzun illər ötməsinə baxmayaraq sevilərək baxılır.
Onun taleyi bütün istedadlı, yaradıcı adamların həyatı kimi keşməkeşli olub. 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Lətif Səfərov 1963-cü ilədək bu işi davam etdirir.
Lətif Səfərov 1963-cü il dekabrın 9-da faciəli şəkildə dünyasını dəyişir.
Bu gün anadan olmasından bir əsr ötən kinorejissor Lətif Səfərovun ekranlaşdırdığı filmlər yaşadıqca, böyük rejissorun da həyatı davam edəcək.