Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə və Mingəçevirdəki terror Ermənistanın siyasətinin mahiyyətini tam şəkildə üzə çıxardı - Bahar Muradova

Gəncədə və Mingəçevirdəki terror Ermənistanın siyasətinin mahiyyətini tam şəkildə üzə çıxardı -  Bahar Muradova

Tarix: 14 Oktyabr 2020 14:00

Gəncədə və Mingəçevirdə baş verən terror aktı zamanı dinc əhali və mülki obyektlərin hədəfə çevrilməsi Ermənistanın yeritdiyi siyasətin mahiyyətini tam şəkildə üzə çıxardı.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Rezident Əlaqələndiricisi Qulam İsakzai və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşündə deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan tərəfi olaraq 30 il ərzində bu hadisələrin yenidən baş verəcəyini daim səsləndirməyimizə baxmayaraq, məsələyə beynəlxalq müstəvidə lazımi diqqət göstərilmədiyindən bugün bu ağır nəticələrlə üzləşirik. Məsələni sülh yolu ilə həll etmək üçün lazım olan bütün şərtlər olduğu halda təəssüf ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməməsi ilə yanaşı ardıcıl təxribatlar törətməklə Azərbaycanı əks-həmlə əməliyyatını reallaşdırmağa məcbur etdi.

Azərbaycanın BMT-nin nizamnaməsində nəzərdə tutulan hüququndan istifadə edərək öz ərazilərini işğaldan azad etməklə məşğul olduğunu bildirən B.Muradova qeyd edib ki, humanitar atəşkəs elan olunmasından sonra baş verən hadisələr bu addımları atmaqda nə qədər doğru qərar verdiyimizi bir daha sübut etdi.

BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri, Rezident Əlaqələndiricisi Qulam İsakzai görüşün keçirilməsinə vaxt ayırdığı üçün Komitə sədrinə minnətdarlığını bildirərək, Gəncədə baş verən hadisələr zamanı həyatlarını itirən sakinlərin ailələrinə başsağlığı verərək xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşacaqlarına ümidini ifadə edib. Baş verən hadisə ilə bağlı olaraq Gəncəyə səfər etdiklərini qeyd edən Q. İsakzai nəticələri və təsirləri qiymətləndirdiklərini, dinc əhalinin hədəf alınmasının heç bir halda əsaslandırılmasının mümkün olmadığını diqqətə çatdırıb.

Q.İsakzai münaqişədən daha çox qadın və uşaqların əziyyət çəkdiyini, hazırda onların hüquqlarının müdafiəsi və zorakılıqdan qorunmasının vacibliyini və bu məqamda BMT olaraq humanitar dəstəyə hazır olduqlarını bildirib.

Daha sonra çıxış edən UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin münaqişədən zərər çəkən uşaqların psixoloji dəstəyinin vacibliyini vurğulayaraq, bir çox təxirəsalınmaz addımları təklif edib. Komitənin regionlarda mövcud olan mərkəzlərinin əhəmiyyətini qeyd edərək, peşəkar mütəxəssislərdən, bir sıra dövlət qurumları, gənclər mərkəzləri, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət şəbəkənin qurulmasının vacibliyini vurğulayıb. O, bu işlərin həyata keçirilməsində texniki və maliyyə, o cümlədən bu sahədə çalışanların peşəkarlığının artırılması üçün təlimlərin təşkilində dəstəyin göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb.


Etiketlər:  Gəncədə Mingəçevirdəki terror Ermənistanın siyasətinin mahiyyətini şəkildə üzə çıxardı Bahar Muradova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ