Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2020 09:30
Ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.
Bu barədə Sonxeber.net-a BŞİH-dən məlumat verilib.
Bildirilib ki, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 15-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin coxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin 2 gün ərzində keçirilməsi qərara alınıb.
Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Qeyd edilib ki, qış aylarında yağıntılar yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaqdır. Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımı tədbirlər həyata keçirilir. Arzumuz budur ki, bu cür tədbirləri işğaldan azad edilən şəhərlərimizdə, o cümlədən Şuşa və Xankəndidə aparaq.