Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 10:24
Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"O, işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma "Dağlıq Qarabağın" rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi göstərdi - iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu. Onlar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik, lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlar təəssüflənirlər".