Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 15:04
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yanvar-sentyabr aylarında vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 180 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub.
Həmçinin əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb, həmçinin sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub. Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti cari ildə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını da təmin edib.