Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2019 18:28
2019/20 mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ" növbəti transferini gerçəkləşdirib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb. 28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
1991-ci ildə Abican şəhərində anadan olan Kristian futbol həyatına "Toumodi" klubunda başlayıb. O, 2007-ci ildə "Anderlext" Futbol Akademiyasına transfer olub və 3 il gənclər komandasında top qovub. 2010-cu ildə "Anderlextdən ayrılan forvard "Muangtong Yunayted"lə (Tailand) müqavilə bağlayıb. Kouakou burada keçirdiyi 53 oyunda 22 qol vurub. Uğurlu oyunu ilə fərqlənən Kristian fransızların diqqətini çəkib və Fransanın "Tours" klubuna transfer edilib. Sözügedən komandanın uğurları üçün 3 mövsüm (2012-2015) tər tökən hücumçu 94 oyunda 26 dəfə fərqlənməyi bacarıb. Daha sonra Kristian Fransada "Kaen" və "Nimes Olimpik" kollektivlərinin formasını geyinib. Forvardın son komandası Çexiyanın "Karvina" klubu olub.