Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 15:30
"Azərbaycan aləmi" Mədəniyyət Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəsətəyi Şurasının maliyyə dəstəyi ilə "Koronavirus pandemiyası ilə mübarizə, əhalinin maarifləndirilməsi, aztəminatlı ailələrə yardımın təşkili" layihəsi çərçivəsində fəaliyyətini davam etdirir. Bu həftə Gəncə şəhərində birliyin üzvləri Tamaşa Tağıyeva və Mahirə Həsənova aztəminatlı ailələrə, gənclərə, yaşlılara pulsuz maska hədiyyə ediblər. Eyni zamanda vətəndaşların maarifləndirilməsi sahəsində söhbətlər aparıblar. Görülən işlər barədə məlumat verən Tamaşa xanim bildirdi ki, maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Onun sözlərinə görə insanlarla aparılan söhbətlərdən aydın olub ki, koronavirus barədə məlumatları var, amma gənclərin bir qismi onunla mübarizə aparmağa səthi baxırlar.
İctimai Birliyin sədri Ş.Yusifova bildirib ki, 2020-ci ilin yaz və yay fəslində görüşdüyümüz insanların çoxu ümumiyyətlə belə bir xəstəliyin mövcudluğunu qəbul etmirdilər. İndi küçələrdə apardığımız sorğuda iştirak edən opponentlər koronavirusun varlığını inkar etmirlər. Opponetlər arasında gün ərzində əllərin yuyulmasını, spirtlə dezinfeksiya edilməsinin gərəkliyini qeyd edənlər çoxluq təşkil edir. Mediyada aldıqları xəbərlərə əsasən COVİD-19 virusuna yoluxanların sayının yüksəldiyini, xəstəliklə mübarizədə ölkələrin aciz olduğunu, bəzi dövlətlərdə böhran vəziyyətin elan olduğunu dilə alırlar. Cəmiyyətdə xəstəlikdən əziyyət çəkənlərin sayının artdığı statistikada görünsə də vətəndaşların qohum-qardaş, dost-tanış gəzintiləri davam edir. Səhiyyə işçiləri tərəfindən qoyulan tələblərə "dırnaq arası" baxanlar toplumda kifayət qədər çoxdur. Əsasən də gənc oğlanlar, yeniyetmələr ÜST-ün tələblərinə münasibətdə ciddi deyillər. Öz çevrələrində virusa yoluxmaqdan qorxmaq, maska taxmaq kimi söhbətlərə istehza edirlər. Əllə görüşmələr, qapalı məkanlarda - çayxanalarda, kafelerdə saatlarla oturaraq vaxt keçirmələr günümüzdə də davam edir. Simptomsuz xəsətəliyi keçirənlər cəmiyyətdə rahat şəkildə dolaşır və yoluxdurmanı davam edirlər. İctimai nəqliyyatda maskalar əsasən çənənin üzərinə taxılır. Burun və ağızlar maskadan kənarda qalır. Sosial məsafə gözlənilmir. Zatən nəqliyyat elə vəziyyətdə işləyir ki, sosial məsafəni gözləmək mümkün də deyil.
"Pandemiyanın ilk aylarında ictimai nəqliyyatda sərnişinlərin sosial məsafə saxlaması üçün oturacaqlardan biri bağlanırdı. Lakin indi xəsətələrin sayının günü-gündən artmasına baxmayaraq, avtobuslarda oturacaqlardan heç biri bağlanmayır, ara məsafə məsələsi toplu daşımaların sahibkarları tərəfindən ləğv edilib. Avtobuslarda ara məsafə gözləmək mümkün deyilsə, qış fəsli olduğu üçün avtomobilin pəncərələri də bağlı olarsa, əlbəttə ki, yoluxma halları artacaq", - Ş.Yusifova bildirib.
Pandemiya bitənə kimi "Azərbaycan aləmi" Mədəniyyət Mərkəzi İctimai Birliynin üzvləri öz tərəflərindən ÜST-in yaydığı materiallar haqqında vətəndaşlarımıza məlumatlandırmanı davam etdirəcəklər. Hər bir insan bilməlidir ki, bir nəfərin xəstəliyə yoluxması digər yeddi nəfəri yoluxdura bilir. Virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə hər bir kəs qoşulmalı və əməli addımlar atmalıdırlar.