Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 12:33
İnternet mənbələrində bir neçə "Sony Xperia" smartfonları haqqında qeyri-rəsmi informasiya dərc edilib. Belə ki, beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən orta səviyyəli ilk "Xperia" qurğusunun buraxılışa hazırlandığı bildirilir.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, söhbət əsasını "Qualcomm Snapdragon 690" prosessoru təşkil edəcək "Xperia 10 III" smartfonundan gedir. Çip 2 takt tezlikli səkkiz "Kryo 560" hesablama nüvəsini, "Adreno 619L" qrafik sürətləndiricisini və "Snapdragon X51 5G" mobil rabitə modemini birləşdirir. Mobil rabitə şəbəkələri vasitəsilə məlumat yükləmə sürəti nəzəri baxımdan 2,5 Qbit/saniyəyə çatacaq.
Daha bir yenilik "Xperia L5" modeli olacaq. Onun əsasını 2,3 giqahers takt tezlikli səkkiz "ARM Cortex-A53" nüvəsinə malik "MediaTek Helio P35" prosessoru və "IMG PowerVR GE8320" qrafik sürətləndiricisi təşkil edəcək. Smartfon "4G/LTE" şəbəkələrində iş üçün nəzərdə tutulacaq.
Bundan başqa, "Snapdragon 875" platformalı qabaqcıl "Xperia 1 III" smartfonu buraxılacaq. Model dörddən çox kameraya malik olacaq. Beləliklə, "Sony" şirkətinin qurğunu yeni çoxkomponentli arxa kamera bloku ilə təchiz edəcəyi ehtimal edilir.
Hər üç smartfonun fevralın sonunda rəsmən təqdim ediləcəyi gözlənilir.
Nizam Nuriyev